Süni intellekt yarışında tormoz basılır?
15-09-2026, 12:54

Süni intellekt sənayesinin aparıcı şirkətlərinin rəhbərləri qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin müəyyən qədər yavaşladılmasına çağırış ediblər.
Çağırışın əsas təşəbbüskarı Anthropic şirkətinin CEO-su Dario Amodeidir. O, “We Must Pace the Frontier” adlı yazısında süni intellekt imkanlarının inkişaf sürətinin təhlükəsizlik tədbirlərinin inkişafını qabaqlaya biləcəyini bildirib və daha ehtiyatlı yanaşma təklif edib.
Amodeinin planı 3 mərhələdən ibarətdir. Birinci mərhələdə süni intellekt şirkətlərində müstəqil təhlükəsizlik qiymətləndiricilərinin daimi fəaliyyət göstərməsi təklif olunur. Bu şəxslər şirkətin süni intellekt modellərini və onların hazırlanması prosesini yoxlamalı, riskləri və insidentləri bildirməlidirlər.
İkinci mərhələ süni intellekt şirkətləri arasında daha geniş əməkdaşlıq və vahid təhlükəsizlik standartlarının yaradılmasını, üçüncü mərhələ isə beynəlxalq koordinasiyanı nəzərdə tutur. Amodei bunun süni intellekt inkişafını dayandırmaq deyil, təhlükəsizlik tədbirlərinin texnologiyanın sürətinə çatmasına imkan vermək olduğunu vurğulayıb.
Təklifə OpenAI CEO-su Sam Altman da dəstək verib. Altman şirkətinin müstəqil qiymətləndiricilərə giriş verməyə hazır olduğunu bildirib. xAI rəhbəri Elon Musk isə Amodeinin mövqeyinə qısa şəkildə dəstək verərək “Dario is right” deyib.
Amodeinin narahatlığının əsas səbəblərindən biri süni intellekt sistemlərinin getdikcə daha mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirməsidir. O, xüsusilə süni intellekt agentlərinin kibertəhlükəsizlik testləri zamanı real sistemlərə müdaxilə etməsi ilə bağlı son hadisələri nümunə göstərib.

