Azərbaycanda nikah göstəriciləri Şimali Avropa dövlətlərindən də aşağıdır

15-09-2026, 11:24           
Azərbaycanda nikah göstəriciləri Şimali Avropa dövlətlərindən də aşağıdır
Azərbaycanda nikah və doğum sayı sosial-iqtisadi ovqatla birbaşa bağlıdır. Statistikaya nəzər salanda da buna əmin olmaq mümkündür. Ölkəyə böyük neft pulları gələndə illik artım 100 min nəfərdən az olmurdu. İndi təxminən 6 dəfə azalma qeydə alınır. Nikahlarla bağlı durum da beləydi. Ən yüksək göstəricilərin qeydə alındığı 2011-ci ildə 88 min 145 evlənmə aktı rəsmiləşmişdi. Keçən il rəqəm 48 min 546-ya düşüb. Bu il göstəricinin 35-36 min civarında olacağı gözlənilir.
Bizimyol.info xəbər verir ki, avqustda 4341 nikah, 1635 boşanma halı qeydə alınıb. Beləcə, ilin 8 ayı ərzində nikahların sayı 23 min 565-ə, boşanmaların sayı isə 11 min 411-ə çatıb.

Azərbaycanda izdivacların pozulması ilə bağlı göstəricilərin artması da 2011-ci ildən başlayıb. İlk dəfə o vaxt rəqəm 10 mini aşıb. Üç ildir ölkədə 20 mindən çox boşanma qeydə alınır. Ola bilər ki, məhz bu il belə olmasın. Nikahların sayının azlığı bu məsələyə də təsir göstərib.

Azərbaycanda nikah göstəriciləri hətta Şimali Avropa dövlətlərindən də aşağıdır. Bizim ölkədə keçən il əhalinin hər 1000 nəfərinə düşən nikah indeksi 4,7 olub. Bu il göstəricinin 3,5 civarında olması ehtimal edilir. Avropanın şimalındakı dövlətlərin nikah indeksi isə daha yüksəkdir. Ən şimaldakı 5 ölkədə nəticələr bizim üçün inanılmaz görünə bilər. Əhalinin hər 1000 nəfərinə düşən nikah indeksi Danimarkada 5,3, İslandiyada 5,0, İsveçdə 4,6, Finlandiyada 3,9, Norveçdə isə 3,8-dir.

Əslində, Avropanın əksər ölkəsində göstərici daha yüksəkdir. Bizdən yalnız İtaliya və Sloveniya geri qalır.

Böhran dərinləşir. Gənclərin rifahı ilə bağlı heç bir tədbir görülmür. Bunun acı nəticəsini daha çox gələcəkdə hiss edəcəyik.

Aytən, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]