Dövlət torpağı alanda kompensasiya necə müəyyənləşir? — Açıqlama
12-09-2026, 11:24

Nazirlər Kabinetinin qərarı ilə Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi, eləcə də tikili və hidrotexniki qurğuların inşası ilə əlaqədar bir sıra torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.
Bəs dövlət ehtiyacları üçün alınacaq torpaqların mülkiyyətçilərinə kompensasiya hansı meyarlar əsasında hesablanacaq və bu proses zamanı vətəndaşların hüquqları necə qorunacaq?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı qanunvericilik mövcuddur.
Onun sözlərinə görə, həmin qanuna əsasən, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahəsinin qiyməti müəyyənləşdirilir:
“Burada əsas meyarlardan biri torpağın bazar qiymətinin nəzərə alınmasıdır. Lakin tərəflər arasında qiymətlə bağlı razılıq əldə olunmadıqda məsələ məhkəmə müstəvisinə keçə bilər və son qərarı məhkəmə verir.
Bir qayda olaraq, təcrübə göstərir ki, məhkəmələr tərəfindən hökumətin müəyyən etdiyi kompensasiya məbləğinin təsdiqləndiyi hallar daha çoxdur. Bununla belə, vətəndaşlar əksər hallarda həmin məbləğlə razılaşmırlar. Onlar hesab edirlər ki, təklif olunan kompensasiya torpağın real bazar dəyərini əks etdirmir və ərazidəki faktiki qiymətlərdən aşağıdır.
Vətəndaşların belə vəziyyətdə öz hüquqlarını qoruması üçün ən vacib məsələlərdən biri qabaqcadan hazırlıqlı olmaqdır. Mən vətəndaşlara tövsiyə edirəm ki, torpağın dövlət ehtiyacları üçün alınması ilə bağlı proses başlamazdan əvvəl həmin ərazidə və ya yaxın ərazilərdə daha əvvəl satılmış analoji torpaq sahələrinin qiymətlərini araşdırsınlar. Həmin satışlarla bağlı mümkün qədər çox məlumat toplamaq, statistik göstəriciləri əldə etmək və bazardakı real qiymətləri müəyyənləşdirmək lazımdır.
Çünki vətəndaş məhkəmədə yalnız “mənim torpağım daha bahadır” deməklə kifayətlənməməlidir. O, tələb etdiyi kompensasiya məbləğinin hansı əsaslara söykəndiyini konkret faktlarla və mümkün sübutlarla göstərməlidir. Ərazidə oxşar torpaq sahələrinin daha yüksək qiymətə satılması barədə məlumatlar bu baxımdan mühüm əhəmiyyət daşıya bilər.
Əgər vətəndaş hesab edirsə ki, dövlət tərəfindən təklif olunan kompensasiya torpağın real bazar qiymətinə uyğun deyil, o, məhkəməyə müraciət edərək öz mövqeyini əsaslandıra bilər. Burada əsas məsələ torpağın bazar dəyərinin düzgün müəyyənləşdirilməsidir. Vətəndaşın əlində nə qədər əsaslandırılmış və müqayisəli məlumat olarsa, öz tələbini müdafiə etmək imkanları da bir o qədər geniş olar.
Bəzi hallarda tərəflər arasında müəyyən kompromisə nail olmaq da mümkündür. Yəni vətəndaşın tələb etdiyi məbləğlə dövlətin təklif etdiyi məbləğ arasında razılaşdırılmış qiymət müəyyən edilə bilər. Lakin bunun üçün vətəndaşın tələb etdiyi məbləği əsaslandırması və həmin məbləğin bazar göstəricilərinə uyğun olduğunu sübut etməsi vacibdir.
Ona görə də torpağı dövlət ehtiyacları üçün alınan vətəndaşlar ilk növbədə təklif olunan kompensasiyanı araşdırmalı, həmin ərazidəki real bazar qiymətlərini öyrənməli və razılaşmadıqları halda hüquqi imkanlarından istifadə etməlidirlər. Əsas məqsəd vətəndaşa ödənilən kompensasiyanın torpağın real bazar dəyərinə mümkün qədər uyğun olmasını təmin etməkdir”.

