Mükafat korrupsionerləri qorxudacaq? - Hüquqşünas
7-10-2026, 00:11

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Bizimyol.info xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərə ödənilən mükafat gəlir vergisindən azad ediləcək.
Bəs bununla məşğul olanlar necə cəzalandırılır?
Mükafat korrupsiya hallarının qarşısını ala bilərmi?
Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalına bildirib ki, korrupsioner şəxslər təbii ki, qorxacaqlar: “Əlbəttə, mükafat korrupsiya hallarının qarşısını tam ala bilməz. Amma müəyyən qədər korrupsioner şəxslər təbii ki, qorxacaqlar. Bir var korrupsioner adətən düşünür ki, ona rüşvət təklif edən şəxs gedib dövlətə məlumat verməyəcək. Çünki onun da marağında deyil. Düşünür ki, bununla nə əldə edəcək?”
Hüquqşünas deyir: “Əgər məlumat verən şəxsə mükafat veriləcəksə, bu halda məqsəd də odur ki, rüşvət verən şəxs məlumat verməkdə maraqlı olsun. Bu, hardasa korrupsionerləri qorxudacaq. Yenə də tədbirli olacaqlar və belə halların baş verməməsi üçün müəyyən tədbirlər görəcəklər. Təbii ki, bir çox hallarda rüşvət verən şəxsin özü məlumat verməkdə maraqlı olmayacaq.
Gəlin bunu ayıraq. Azərbaycanda, ümumiyyətlə, bütün dünyada rüşvət iki növdür: qanunsuz bir işin görülməsi üçün rüşvət vermək və qanuni bir işin görülməsi üçün rüşvət vermək.
Bir var, qanunsuz bir şeyi istəyirsən. Belə halda nə qədər mükafat versələr də, sən təbii ki, gedib məlumat verməyəcəksən. Çünki istəyirsən ki, həmin iş baş tutsun. Məlumat verdiyin halda isə hamı biləcək ki, qanunsuz bir şey istəmisən və artıq bu qanunsuz istəyin də gerçəkləşməyəcək”.
“Amma qanuni tələbi olan, yəni qanuni bir iş görmək istəyən, sadəcə olaraq “gəl pul ver” deyilən insanlar məlumat verməkdə daha çox maraqlı olacaqlar”, - hüquqşünas vurğulayıb.
Əkrəm Həsənov əlavə edib: “Yenə də Azərbaycan şəraitində müəyyən qorxu hissi var və s. Buna baxmayaraq, bəli, korrupsiyanın qarşısı alınacaq”.

