Gələcəyimizə bir başa təsir edəcək ciddi məsələlər var, onlardan ən vaciblərindən biri təqaüd məsələsidir, addım-addım gələn böhrandır.
6-10-2026, 15:42

Əvvəl sizə mənzərini göstərməyə çalışım: Dövlət Sosial Müdafiə Fondu hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş (pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım) həyata keçirir.
DSMF vətəndaşlardan və işəgötürənlərdən məcburi dövlət sosial sığorta haqları şəklində hər ay orta hesabla 550 milyon manat civarında pul yığır.
2026-cı ildə DSMF ölkə büdcəsindən 1 milyard 700 milyon manat dotasiya alıb. Son 5 ildə hər il dotasiyanın həcmi artır:
- 2022-ci il: 1 milyard 231,97 milyon manat
- 2023-cü il: 1 milyard 467,77 milyon manat
- 2024-cü il: 1 milyard 232,00 milyon manat
- 2025-ci il: 1 milyard 600,00 milyon manat
- 2026-cı il: 1 milyard 700,00 milyon manat
Ölkədə iqtisadi aktivlik çox zəifləyib, əlavə dəyər yarada bilmirik, iş yerləri azalır, çox böyük ixtisarlar gedir, doğuş azalıb, ölkədən köçən gənc insanların sayı kəskin artıb – bu o deməkdir ki, dotasiyalar gələcəkdə də artmalıdır, çünki, 1970-1980-1990 lərdə ölkədə “baby boom” yaşanıb, onlar 10-15-20 ildən sonra təqaüdə çıxacaqlar, təqaüdçülərin sayı artacaq. Amma, ölkə əlavə dəyər yarada bilmirsə, iqtisadiyyat yerində sayırsa, doğuş azalır, köçənlər isə artırsa, bu vəziyyətdən necə çıxacağıq?!
Hələ ki, gec deyil, hökumət inadını buraxmalıdır, indi əsas hədəfi olan büdcəyə qənaət, büdcənin hər yolla doldurulması siyasətindən əl çəkməlidir. Əsas hədəf iqtisadi azadlıqların genişlənməsi, iqtisadi aktivliyin sürətlənməsi, əlavə dəyər yaratmaq olmalıdır – bu zaman elə büdcəyə də zamanla daha çox pul gələcək.
Xalq varlanmalıdır ki, sosial müavinata ehtiyacı olanlar azalsın, büdcənin Neft Fondundan asılılığı minimuma ensin və son nəticədə Neft Fondunun adını və funksiyasını dəyişib, “Təqaüd və Gənclərə dəstək” Fondu qoya, yığılan vəsaiti ancaq bu yöndə xərcləməyə nail ola bilək. Başqa yol görmürəm, addım-addım böhrana doğru gedirik, niyə uçrumun kənarına gəlməliyik ki, ayılaq?! İndidən gedişatı görüb, qabaqlayıcı tədbirlər, işlək qərarlar almalıyıq.
Bizim xalq çalışqan xalqdır, pulu, pul qazanmağı sevir – bunu üstünlüyə, əsas resursumuza çevirməliyik. Dövlət-hökumət orqanları kömək etməsələr də olar, mane olmasınlar, vergi-rüsum-cərimələri azaltsınlar, biznesin işinə kənar müdaxilələri minimuma endirsinlər, yetər...
Natig Jafarli

