Həm ağlamalı, həm də gülməli bir məhkəmə əhvalatı...
7-10-2026, 09:34

Bu yaxınlarda “Hürriyyət” qəzetini tanınmış bir şəxs məhkəməyə vermişdi. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinə getmişdim. Bizim proses gecikdiyindən başqa bir məhkəmə prosesinə arxa sırada oturub tamaşa edirdim.
Qərar günü idi. Məhkəmədə iki qonşunun bir-biri ilə olan mübahisəsinə baxılırdı.
Məsələ belə imiş: birinci mərtəbədə yaşayan qonşu mətbəxin qarşısında artırma tikib. Qonşuların münasibətləri yaxşı olan vaxtlarda yuxarı mərtəbədə yaşayan qonşu da həmin artırmanın üzərindən öz tərəfinə nəsə tikmək üçün bir qapı qoyub. Amma maddi imkansızlıqdan hələ heç nə tikə bilməyib.
Lakin paltar sərmək üçün ip çəkiblər və paltarlarını həmin artırmanın üstünə çıxıb sərirlər.
Bir sözlə, bir vaxtlar qonşuların arası mehriban imiş. Amma havalar çönən kimi, görünür, qonşuların da üzləri bir-birindən çönüb.
Birinci mərtəbədə yaşayan qonşu yuxarı mərtəbədəki qonşunu məhkəməyə verib və ondan təzminat tələb edir.
Səbəb isə, vallah, adamın ağlına gəlməz.
Deyir ki, qadın paltar sərmək üçün artırmanın üstünə çıxanda hündür daban ayaqqabı geyinir, orada gəzir və ayaqqabının səsi aşağı mərtəbəyə gəlir. Bu da onları narahat edir.
Vəkil də çalışırdı ki, hakimi inandırsın: “Paltar sərməyə çıxan qadın nə üçün hündür daban ayaqqabı geyinsin ki? Paltar səriləndə kabluk geyinilmir axı...”
Amma nə qədər izah etməyə çalışsa da, görünür, kablukun səsi məhkəmə zalına qədər gəlib çatmışdı.
Mən də arxa sırada oturub bütün bunları eşidə-eşidə düşünürdüm: “Görəsən, hakim indi nə qərar verəcək?”
Hakim qərarını elan etdi: yuxarı qonşuya 3 700 manat cərimə kəsildi və həmin artırmanın üzərinə çıxması da qadağan edildi.
Beləcə, bir vaxtlar mehriban qonşuların söhbəti gəlib artırma, paltar ipi, hündür daban ayaqqabı və 3 700 manatlıq məhkəmə qərarı ilə yekunlaşdı.
Bir tərəfdən adamın gülməyi gəlir. Söhbət paltar sərərkən geyinilən kablukdan gedir. Digər tərəfdən, 3 700 manatlıq cərimə heç də gülməli deyil.
Qonşuluğun da bir həddi varmış... O həddi keçəndə məsələ artıq paltar ipindən yox, məhkəmə qərarından asılı olur.
Jalə Familqizi

