Xırdalanda restoranda müştəri narazılığı: “Ad günümüzü burnumuzdan gətirdilər”

6-10-2026, 09:18           
Xırdalanda restoranda müştəri narazılığı: “Ad günümüzü burnumuzdan gətirdilər”
Xırdalan şəhərində fəaliyyət göstərən “Borani Restaurant”ın filiallarından birində xidmətlə bağlı müştəri narazılığı yaranıb.

Gununsesi.info xəbər verir ki, müştərinin sözlərinə görə, dünən 5 uşaq və 5 böyüklə birlikdə ad günü qeyd etmək üçün restorana gediblər.

Lakin gecə ərzində sifarişlərin gecikdirilməsi və ofisiantın sifarişləri düzgün qəbul etməməsi səbəbindən ad günü məclisi xoşagəlməz vəziyyətə çevrilib.

İddia olunur ki, masaya 2 kabab seti, 3 pizza, 4 porsiya nuggets və 6 lahmacun sifariş edilib. Digər sifarişlər gətirildikdən təxminən yarım saat sonra kababların gəlmədiyi məlum olub. Müştərinin ofisianta müraciətinə isə “kabab sifariş etməmisiniz” cavabı verilib.

Müştərinin sözlərinə görə, məsələ ilə bağlı mübahisədən sonra masadakı xanımlar 6 ədəd çöpə quzu və 10 ədəd şişdə toyuq sifariş ediblər. Nəticədə isə masaya ümumilikdə 16 porsiya kabab gətirilib.

“Ofisianta deyirəm ki, ağlın kəsmədi ki, 16 pors kababı 5 uşaq, 5 böyük necə yeyəcək? Xanımlar 16 çöp başa düşüb sifariş veriblərsə, niyə izah etmədin ki, bu 16 çöp şiş 16 porsiyadır və hər porsiyada azı 5-6 çöp olur?” – deyə narazı müştəri bildirib.

Bundan əlavə, müştəri ayran sifarişinin də gətirilmədiyini və ümumilikdə xidmət səviyyəsinin olduqca aşağı olduğunu iddia edib.

Narazılığın digər səbəbi isə hesab zamanı ortaya çıxıb. Müştərinin bildirdiyinə görə, yekun hesab 287,90 manat olub, lakin ona kassa çeki təqdim edilməyib.

Müştəri restoran rəhbərliyinə müraciət edərək xidmətin araşdırılmasını tələb edib:

“Qısacası, bərbad xidmət. Ad gününü də burnumuzdan tökdünüz. Yazıqlar olsun sizin şəbəkəyə.”

Qeyd edək ki, səsləndirilən fikirlər müştərinin iddialarıdır. Hadisə ilə bağlı restoran rəhbərliyinin mövqeyi məlum olduqdan sonra qarşı tərəfin açıqlamasını da təqdim etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]