Bakıda mənzillər Madrid, Berlin və Parisdən daha çox bahalaşıb: Londonda ucuzlaşma var

6-10-2026, 16:24           
Bakıda mənzillər Madrid, Berlin və Parisdən daha çox bahalaşıb: Londonda ucuzlaşma var
Keçən ilin sentyabrından bu günə qədər Bakıda mənzillərin qiyməti təxminən 14 faiz artıb. Yeni tikilmiş göydələnlərdə bir kvadratmetr üçün median qiymətin 2850 manata çatdığı bildirilir. Paytaxtın Səbail, Nəsimi və Yasamal rayonlarında artım tempinin daha yüksək olması müşahidə edilib. Təkcə avqustda iyulla müqayisədə 2 faiz civarında bahalaşma qeydə alınıb. Halbuki başqa ölkələrin paytaxtlarında ən yaxşı halda ümumilikdə bir il ərzində belə qiymət artımını görmək olar.
Bizimyol.info xəbər verir ki, Bakıda mənzillər Madrid, Berlin və Parisdən daha çox bahalaşıb. İspaniya, Almaniya və Fransanın paytaxt şəhərlərində artım tenpi xeyli aşağı olub. Madriddə son bir ildə qiymətlər 5 faiz artıb. Berlində cəmi 3,4 faiz bahalaşma diqqət çəkib. Parisdə isə cüzi artımdan danışmaq olar (1,3 faiz).

Ümumiyyətlə, Fransanın paytaxtında əsasən lüks seqmentdə bahalaşma qeydə alınır. Parisin ətraf rayonlarında hətta ucuzlaşan yerlər görmək mümkündür.

Lissabonda orta qiymət artımı 2,7 faiz olub. Portuqaliyanın paytaxtında da əsasən şəhər mərkəzində bahalaşma görünür.

Stokholmda və Londonda ucuzlaşma var. Böyük Britaniyanın paytaxtında qiymətlərin hətta 4,7 faiz azalması nəzərə çarpır. Vergi qaydalarının dəyişməsi mənzil bazarında fərqli ovqat yaradıb.

Bəs Bakıda mənzillər niyə sürətlə bahalaşır? Birincisi, inhisar üzündən tikinti xərcləri artır, materialların və xammalın bahalaşması yeni binaların maya dəyərini yüksəldir. İkincisi, torpaq qıtlığı və məhdudiyyətlər özünü göstərir. Mərkəzi ərazilərdə boş torpaq sahələrinin qalmaması və yeni şəhərsalma standartları tikinti həcmini daraldır. Üçüncüsü, artan tələbat və urbanizasiya belə mənzərə yaradır. Bölgələrdən paytaxta daimi axın bahalaşmaya səbəb olur. Dördüncüsü, investisiya məqsədli mənzil almaq halları çoxdur. Hətta ölkədən gedənlər də burada həmin məqsədlə mənzil alır.

Müəyyən qədər süni səbəblər Bakıda qeyri-adekvat bahalaşmanı stimullaşdırır. Əhalinin böyük hissəsi real gəlirlərin səviyyəsinin aşağı olmasına görə baş verənləri yalnız tamaşaçı kimi izləməli olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]