Restoranlarda yeni menyu: - Əvvəl at-eşşək əti, indi "monqol quzusu"

3-10-2026, 00:03           
Restoranlarda yeni menyu: - Əvvəl at-eşşək əti, indi "monqol quzusu"
Son dövrlər restoran və şadlıq saraylarında təqdim olunan ət məhsullarının keyfiyyəti və mənşəyi ilə bağlı iddialar diqqət çəkir.

Xüsusilə bəzi orta səviyyəli restoranlarda “Monqol əti”ndən istifadə edildiyi, lakin bu ətin menyuda ayrıca göstərilməyərək müştəriyə dana və ya quzu əti kimi təqdim olunduğu hallara rast gəlinir.

Belə vəziyyətdə müştəri sifariş etdiyi yeməyin hansı ətdən hazırlandığı barədə məlumatlı olmur. Ətin dadı və görünüşü hər zaman fərqlənmədiyi üçün bunu müəyyən etmək də asan olmur.

Müştəri daha ucuz ətin əvəzinə dana və ya quzu əti qiyməti ödəməklə həm məhsulun mənşəyi, həm də ödədiyi məbləğ baxımından aldadılmış vəziyyətə düşür.

“Monqol əti”nin quzu əti kimi təqdim olunması istehlakçının aldadılması hesab edilə bilərmi, o zaman müştəri bu vəziyyətdə öz hüquqlarını necə qorumalıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, qanunvericilik restoranların menyusunda ətin mənşəyinin göstərilməsini tələb etmir:

“Menyuda yalnız ətin hansı heyvana məxsus olduğu qeyd olunur. Halbuki istehlakçı üçün ətin mənşəyi də vacib məlumatdır. Təxminən 6 ay əvvəl Xankəndidə bir restoranda yemək yemişəm.

Kababın Monqolustandan gətirilən ətdən olduğunu hiss etdim və bunu ictimailəşdirdim. Bundan sonra restoran sahibləri böyük narazılıq bildirdilər, az qala məni günahkar çıxartmağa çalışdılar. Güman edirəm ki, həmin ət də Monqolustandan gətirilmiş ət idi. Monqolustandan gətirilən ətlər normal quzu ətləridir, lakin dondurulmuş vəziyyətdə olur.

Ət dondurulub sonradan açıldıqda müəyyən qədər keyfiyyətini itirir və Azərbaycan istehlakçısının damaq dadına tam uyğun olmaya bilər. Buna görə də vətəndaş belə əti yedikdə onun fərqli olduğunu hiss edə bilir”.

O qeyd edib ki, vətəndaş restoranda ətin Monqolustandan, yoxsa başqa ölkədən gətirildiyini soruşursa, restoran sahibi ona tam və obyektiv məlumat verməlidir:

“Daha yaxşı olar ki, xüsusilə qızartma və kabab üçün istifadə olunan ətin mənşəyi menyuda da göstərilsin. Təəssüf ki, qanunvericilikdə bununla bağlı xüsusi tələb yoxdur.

Bu isə istehlakçının seçim imkanlarını məhdudlaşdırır və istehlakçı hüquqları baxımından müəyyən boşluq yaradır. Biz əvvəllər də ət adı altında at və eşşək ətinin təqdim edilməsi kimi halların şahidi olmuşuq. Təəssüf ki, hazırda ölkədə hər hansı ət növünün satışına ümumi qadağa qoyulması məsələsində də müəyyən boşluqlar mövcuddur.

Hesab edirəm ki, Nazirlər Kabinetinin müvafiq qərarı olmalı və ənənəvi olaraq istehlak edilməyən ət növlərinin satışına və ictimai iaşə obyektlərində təqdim olunmasına aydın qaydalar müəyyənləşdirilməlidir. Qanunvericilikdə bu istiqamətdə boşluqların aradan qaldırılmasına ehtiyac var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]