SOYQIRIM ETİRAFI

22-09-2026, 17:14           
SOYQIRIM ETİRAFI
İsrail kinematoqrafçılatı bir nəfərə görə yüzlərlə günahsız insanın ölümünə əmr verən İsrail ordusu və kəşfiyyatının əməllərini soyqırım hesab edir.
2026-cı il Venesiya kinofestivalının ən çox müzakirə olunan filmlərindən biri — israilli rejissorlar Yuval Abraham və Rachel Szorun “NAZA” sənədli filmi — məhz bu dəhşətli məsələdən bəhs edir.
Film üç ilə yaxın aparılmış araşdırmaya və İsrail ordusu və hərbi kəşfiyyatında xidmət etmiş 24 nəfərin müsahibələrinə əsaslanır. Onların danışdıqları ayrı-ayrı əsgərlərin təsadüfi hərəkətlərindən daha ağır mənzərə yaradır: söhbət mülki insanların mümkün ölümünün əvvəlcədən hesablandığı və hərbi qərarların bir hissəsinə çevrildiyi sistemdən gedir.
“NAZA” İsrail hərbi kəşfiyyatında konkret zərbə nəticəsində həlak olacağı gözlənilən mülki şəxslərin sayını ifadə edən termindir.
Filmdə danışan şəxslərin ifadələrinə görə, müəyyən hədəflərin məhv edilməsi zamanı onlarla, yüzlərlə mülki insanın ölüm riski əvvəlcədən məlum olub. Rejissor Yuval Abrahamın sözlərinə görə, bəzi hallarda söhbət “500 NAZA”dan — yəni bir zərbə nəticəsində 500-ə qədər mülki şəxsin öldürülməsinin əvvəlcədən nəzərə alınmasından gedirdi. Filmdə daha böyük rəqəmlər də göstəriir.
Bu, müharibənin ən fundamental mənəvi və hüquqi suallarından birini ortaya qoyur:
Bir nəfərin — hətta onun hərbi hədəf olduğu fərz edilsə belə — öldürülməsi naminə yüzlərlə günahsız insanın, uşaqların, qadınların və bütöv ailələrin həyatına son qoymaq necə əsaslandırıla bilər?
Əgər hərbi rəhbərlik əvvəlcədən bilirsə ki, konkret şəxsi öldürmək üçün yaşayış binasına və ya sıx məskunlaşmış əraziyə zərbə endirilməsi yüzlərlə mülki insanın ölümünə səbəb ola bilər və buna baxmayaraq hücum əmti verirsə, artıq söhbət sadəcə “yan təsir”dən getmir.
Filmin ən sarsıdıcı tərəfi də budur: bu ittihamları kənardan müşahidəçilər deyil, sistemin daxilində çalışmış israilli hərbçilər və kəşfiyyat əməkdaşları səsləndirirlər.
“NAZA” filmi Venesiyada təxminən 25 dəqiqəlik ayaqüstü alqışla qarşılanıb və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Fuad Arif Oğlu Ağayev













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]