76 yaşlı milyarder uzunömürlülüyün sirrini axtarır: "Bəlkə də, əbədi yaşayacağam"
19-11-2026, 15:38

76 yaşlı amerikalı milyarder Larri Konnor qocalma prosesini ləngitmək və mümkün qədər uzun yaşamaq üçün sağlamlığına böyük məbləğdə vəsait xərcləyir. O, fiziki formasını qorumaq və sağlamlığına nəzarət etmək üçün xüsusi komanda yaradıb.
Valyuta.az xəbər verir ki, aktivlərinin dəyəri 5 milyard dolları ötən “The Connor Group” daşınmaz əmlak şirkətinin təsisçisi olan Konnor gündəlik həyatını ciddi qrafik əsasında planlaşdırır.
“Forbes” onun şəxsi sərvətini 2,1 milyard dollar qiymətləndirir.
Milyarderin sağlamlığı və fiziki hazırlığı ilə təxminən 15 nəfərdən ibarət komanda məşğul olur. Buraya şəxsi məşqçilər, yoqa müəllimləri və masaj terapevtləri daxildir. O, həmçinin ən azı üç həkimlə daim əlaqə saxlayır.
Konnor bu il “Mayo Clinic” tibb mərkəzində 68 müxtəlif tibbi müayinədən keçməyi planlaşdırır. Bunlara bütün bədənin maqnit-rezonans tomoqrafiyası və beynin ətraflı müayinəsi də daxildir. Milyarder indiyədək bu müəssisəyə, əsasən, qocalma ilə bağlı elmi araşdırmalar üçün 15 milyon dollardan çox ianə edib.
Onun sağlamlığına çəkilən illik xərclər işçilərin maaşları nəzərə alınmadan təxminən 100 min dollara çatır.
Konnor vaxtından maksimum səmərəli istifadə etmək üçün gününü bəzən beş dəqiqəlik intervallarla planlaşdırır. O, elektron məktublara şəxsən cavab vermir, bu işi əməkdaşlarına həvalə edir. Sıx iş qrafikinə baxmayaraq, mütəmadi idmanla məşğul olur.
Milyarder ekstremal səyahətlərə də maraq göstərir. O, 2022-ci ildə Beynəlxalq Kosmik Stansiyaya təşkil olunan özəl kosmik missiyada pilot kimi iştirak edib.
Konnorun xeyriyyəçilik fəaliyyətinə rəhbərlik edən Rayan Ernst onun uzunömürlülüklə bağlı düşüncələrini belə təsvir edib:
“O, tez-tez ‘"Bilirsiniz, bəlkə də, mən əbədi yaşayacağam" deyir. Bəzən mənə elə gəlir ki, o, həqiqətən də həyatını məhz bu ehtimala əsaslanaraq planlaşdırır”.
Bununla belə, milyarderin tətbiq etdiyi üsulların insan ömrünü nə qədər uzada biləcəyi elmi baxımdan hələ dəqiq müəyyən edilməyib.

