Bank kartının üzərində ad-soyadın olması nəyi dəyişir?

19-11-2026, 16:17           
Bank kartının üzərində ad-soyadın olması nəyi dəyişir?
Bank kartı sifariş edərkən müştərilər adətən iki seçimlə qarşılaşırlar: üzərində ad-soyad yazılan və yazılmayan kartlar. Bəzi kartları qısa müddətdə əldə etmək mümkün olduğu halda, ad-soyadın qeyd olunduğu kartların hazırlanması üçün bir neçə gün gözləmək lazım gəlir.

Bu isə sual yaradır: Kartın üzərində ad-soyadın olması hansı üstünlükləri verir və belə kartlar digərlərindən nə ilə fərqlənir?

"Bank of Baku"nun Kiçik və Orta biznes Bankçılıq departamentinin direktor müavini, ABA-nın eksperti İsmayıl Məmmədov Valyuta.az-a bildirib ki, gündəlik ödənişlərdə kartın üzərində ad-soyadın olması və ya olmaması, bir qayda olaraq, onun texniki imkanlarına təsir etmir:

"Lakin bəzi beynəlxalq xidmətlərdə bu məlumatın göstərilməsi praktiki əhəmiyyət daşıyır. Burada əsas məsələ kartın “güclü” və ya “zəif” olması deyil, hansı məqsədlə istifadə edilməsidir. Hər bir kart bankda konkret müştəriyə və hesaba bağlıdır. Azərbaycanın kart əməliyyatları üzrə qaydaları da əməliyyatların istifadəçinin identifikasiyası və emitent bankın müəyyən etdiyi təhlükəsizlik mexanizmləri əsasında həyata keçirilməsini nəzərdə tutur. Kartın üzərində ad-soyadın göstərilməsi əsasən onun fərdiləşdirilməsi və bəzi xidmət təminatçılarının əlavə identifikasiya tələbləri ilə əlaqədardır. “Visa”nın 2026-cı il qaydalarında kart sahibinin adının hesabla əlaqələndirilmədiyi müəyyən kart məhsulları üçün xüsusi istisnalar nəzərdə tutulur. Şirkət fiziki kartın üzərində bütün hesab məlumatlarının yerləşdirilmədiyi dizaynları da dəstəkləyir.

Məsələn, İstanbul, Berlin və ya Dubayda avtomobil icarəyə götürürsünüz. Terminal kartı oxuyur və müəyyən məbləğ bloklanır. Lakin şirkətin əməkdaşı sizdən sürücülük vəsiqəsi və pasport tələb edir. Çünki icarə şirkəti kartın həqiqətən avtomobili götürən şəxsə məxsus olduğunu yoxlamaq istəyir. Bunun üçün kartın üzərindəki ad-soyad sürücülük vəsiqəsindəki məlumatlarla tutuşdurula bilər.

Belə vəziyyətdə kart texniki baxımdan işlək olsa da, şirkətin daxili qaydalarına əsasən qəbul edilməyə bilər. Oxşar vəziyyət xaricdə otelə yerləşərkən də yarana bilər. Tutaq ki, otağın qiymətini əvvəlcədən ödəmisiniz, lakin otel əlavə olaraq 200-500 avro depozit bloklamaq istəyir. Bu zaman otel rezervasiyanı kimin etdiyini, otaqda kimin qalacağını və depozitin hansı şəxsin kartında bloklanacağını müəyyənləşdirə bilər. Bəzi otellər bunun üçün kartın üzərindəki məlumatlarla şəxsiyyət sənədinin uyğunluğunu yoxlayır. Bu isə o demək deyil ki, üzərində ad-soyad olmayan kartlar otellərdə qəbul edilmir. Sadəcə, belə hallarda əlavə yoxlama tələb oluna bilər. Bank kartın beynəlxalq istifadəyə açıq olduğunu təsdiqləsə də, ayrı-ayrı şirkətlərin daxili qəbul qaydalarına zəmanət verə bilməz".

İ.Məmmədovun sözlərinə görə, Azərbaycanda isə supermarket, restoran, yanacaqdoldurma məntəqəsi, aptek, onlayn mağaza, kommunal xidmətlər və mobil tətbiqlər vasitəsilə aparılan gündəlik ödənişlərdə əsas şərtlər kartın aktiv olması, hesabda kifayət qədər vəsaitin və ya kredit limitinin mövcudluğu, həmçinin əməliyyatın təhlükəsizlik tələblərinə cavab verməsidir.

Ekspert qeyd edib ki, mobil bankçılığın, tokenizasiyanın və rəqəmsal cüzdanların inkişafı da fiziki kartın üzərindəki məlumatların əhəmiyyətini azaldır: "Təhlükəsizlik baxımından isə ad-soyadın kartda göstərilməməsi şəxsi məlumatların kənar şəxslər tərəfindən görülməsi ehtimalını müəyyən qədər azalda bilər. Lakin kartın əsas mühafizəsi EMV çip, tokenizasiya, 3D Secure, PIN kod, əməliyyat limitləri, dələduzluq hallarının monitorinqi, mobil bildirişlər, bankın real vaxt rejimində işləyən risklərin idarə edilməsi sistemləri və kartın bloklanması imkanları ilə təmin olunur.

Beləliklə, kartı əldə etmək üçün üç gün gözləmək onu texniki baxımdan “gücləndirmir”. Üzərində ad-soyad olan kartın üstünlüyü bəzi beynəlxalq xidmətlərdə qəbul prosesini və kartın sahibini müəyyənləşdirməyi asanlaşdırmasıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]