“Badam Medical Center”də kimlər əməliyyat aparır? – Reyestrdə olmayan adlar
22-11-2026, 00:05

Son illər ölkədə estetik və plastik cərrahiyyə sahəsində baş verən fəsadlar, qeyri-peşəkar müdaxilələr və insan sağlamlığına vurulan zərərlər cəmiyyətin ən həssas mövzularından birinə çevrilib. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən bu sahədə sərt nizam-intizam yaradılması üçün Xüsusi Təftiş Komissiyası təsis edildi və 17 aprel 2025-ci il tarixli qərarla ölkə ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin rəsmi siyahısı təsdiqlənərək ictimaiyyətə açıqlandı.
Məqsəd aydın idi: pasiyentlər həyatını və sağlamlığını yalnız bu sahə üzrə rəsmi icazəsi, müvafiq ixtisas və sertifikasiya sənədləri olan mütəxəssislərə etibar etsinlər. Lakin görünən odur ki, bəzi özəl tibb müəssisələri üçün nə dövlətin müəyyən etdiyi qaydalar, nə də Səhiyyə Nazirliyinin rəsmi reyestri keçərlidir.
Daxil olan məlumatlar nəticəsində məlum olub ki, paytaxtın tanınmış özəl klinikalarından olan “Badam Medical Center”də ixtisasca ümumi cərrah olan Vüsal Abdullayev və Səkinə Xudiyeva plastik-estetik cərrahiyyə əməliyyatları həyata keçirirlər. Maraqlısı və narahatedici tərəfi budur ki, Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyasının açıqladığı rəsmi siyahıda – yəni Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin reyestrində nə Vüsal Abdullayevin, nə də Səkinə Xudiyevanın adına rast gəlinir. Buna baxmayaraq, hər iki həkim sosial şəbəkə hesablarında özlərini açıq şəkildə “estetik cərrah” kimi təqdim edir, müxtəlif reklam çarxları və elanlar vasitəsilə vətəndaşları əməliyyata dəvət edirlər. Belə olan halda, ortaya haqlı və ciddi suallar çıxır:
Ümumi cərrah ixtisasına malik şəxslərin rəsmi icazə siyahısında adları olmayan həkimlərin plastik-estetik əməliyyatlar icra etməsi hansı qanunvericilik aktına əsaslanır?
Klinikada estetik əməliyyatlara buraxılan həkimlərin peşə səlahiyyətlərinə və sertifikasiya sənədlərinə rəhbərlik tərəfindən necə nəzarət olunur?
İnsan sağlamlığının birbaşa risk altında olduğu bu cür fəaliyyətə nəzarət etməli olan müvafiq dövlət qurumları – Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzi bu vəziyyətdən xəbərdardırmı?
Məsələyə aydınlıq gətirilməsi, eləcə də obyektivlik və balans prinsipinin qorunması məqsədilə redaksiyamız tərəfindən “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Badam Medical Center”in baş direktoru Cəbrayıl Abbasova rəsmi sorğu ünvanladıq. Sorğuda adıçəkilən həkimlərin estetik cərrah kimi fəaliyyətinin hüquqi əsasları, klinikanın son üç ildə keçdiyi dövlət yoxlamalarının nəticələri və aşkarlanmış nöqsanlarla bağlı konkret suallar qoyduq.
Təəssüf ki, qanunvericiliklə müəyyən edilmiş müddət başa çatsa da, məsələ ilə bağlı klinika rəhbərliyinə ünvanladığımız sorğu cavabsız qaldı. Görünür, “Badam Medical Center” rəhbərliyi nə ictimaiyyət qarşısında hesabatlılığı, nə də qanunun tələblərini ciddiyə alır. Sükut isə bu halda təsdiqdən başqa bir məna vermir.
Qeyd: Mövzunu diqqətdə saxlayırıq. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Analitik Ekspertiza Mərkəzinə də müvafiq sorğular ünvanlanacaq. Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Faktum.az

