"Prezidentin sözünü qulaq ardına vuran məmur" – Elgün Feyzullayev bu pulu hardan alıb?
14-09-2026, 12:22

Böyük Sarayda keçirilən o dəbdəbəli toyun sədası hələ də yatmır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini Elgün Feyzullayevin qızının toyundan yayılan görüntülər sadə camaat arasında ciddi narazılıq və haqlı suallar doğurub.
Gənclərə təbii olaraq ailə səadəti arzulayırıq . Amma söhbət gənclərdən yox, dövlət qulluğunda çalışan bir məmurun xalqın gözü qabağında nümayiş etdirdiyi bu açıq-aşkar harınlıqdan gedir.
Ölkədə yüz minlərlə insan minimum əməkhaqqı ilə günü-günə satır, ailəsini dolandırmaq üçün qəpik-quruşun hesabını aparır, zülmlə çörək pulu qazanır.
Bəs dövlətdən sıravi məmur maaşı alan bir şəxs yüz minlərlə manatlıq toyu hansı pulla edir?
Türkiyədən Demet Akalını gətirmək, yerli xalq artistlərini sıraya düzmək, paytaxtın ən baha şadlıq sarayını bağlatmaq bir məmur maaşı ilə mümkündür?
Ömrünün axırına kimi yeməsə, içməsə, bir qəpik də xərcləməsə belə, o məvaciblə bu cür dəbdəbəni təşkil etməyə üç ömür yetməz!
Bəs bu maliyyə mənbəyi hardandır? Bu haram pullar haradan axıb gəlir?
Ölkə rəhbəri dəfələrlə kəskin xəbərdarlıq edib: məmurlar və onların ailələri sadə olmalı, xalqın gözü önündə harınlıq etməməlidir. Cənab Prezidentin bu tapşırıqları açıq-aydın bəlli ikən, bu cür gözgörənəsi təmtəraq göstərmək nə deməkdir?
Bu, sadəcə özbaşınalıq, dövlətin qanunlarını tapdalamaq və dövlət rəhbərliyinin xəbərdarlıqlarını qulaq ardına vurmaqdır.
Camaat ayın sonunu necə çıxaracağını, uşağına bir tikə çörək aparacağını düşünəndə, bəzi məmurların bir gecənin içində havaya var-dövlət səpələməsi açıq-aşkar xalqa təhqirdir.
Bu nə harınlamışlıqdır, bu nə xalqın cibinə, alın tərinə və səbrinə hörmətsizlikdir?
Bəs hardadır bu harınlığın hesabatı, hardadır aidiyyəti hüquq-mühafizə qurumlarının nəzarəti?
Yoxsa bəziləri elə bilir ki, oturduqları məmur kreslosu onlara dövlətin və millətin malını istədikləri kimi talamaq, sağmaq hüququ verir?
@Əgər dövlət başçısının sözü bir məmur üçün qanun deyilsə, deməli, o şəxsin o postda bir saniyə də oturmağa, dövlətin məmur adını daşımağa haqqı yoxdur!
Bu millət artıq bəzi məmurların bu cür təkəbbürlü özbaşınalıqlarından, qudurğan həyat tərzindən cana doyub. Xalq açıq-aydın bu harınlığın, bu dəbdəbənin hesabının sorulmasını və cəzasız qalmamasını tələb edir. Bu boyda pulun mənbəyi dərhal araşdırılmalı, korrupsiya qoxusu verən bu büdcənin hesabı sorulmalı, millətin gözünə kül üfürməyə son qoyulmalıdır.
Sima Babayeva

