Azərbaycan kinosunun "yaş" yarası: 81 yaşlı sədr və qatarı qaçıran kino sənayesi!
14-09-2026, 00:02

Gəlin özümüzü aldatmayaq. Bu gün Azərbaycan kinosu haqda danışanda gözümüzün önünə "Babək", "Axırıncı aşırım", "Qanun naminə" gəlmir.
Şah əsərlərimiz çoxdan tarixin tozlu rəflərində qalıb. İndi ekranda gördüyümüz, peşəkarlıqdan uzaq, səviyyəsiz bir-iki serial və bəsit komediyalardır. İstedadlı gənclər, yeni nəfəs, fərqli baxış bu gün kənarda qalıb, gələcəyini gözləyir. Kino sistemi isə faktiki olaraq iflic vəziyyətindədir.
Hər kəs fərqindədir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) son qurultayı, o səsli-küylü səsvermə və ardınca gələn narazılıqlar sadəcə bir seçki dramı deyil, kino sahəsindəki dərin böhranın açıq mənzərəsidir.
Şəfiqə Məmmədova, şübhəsiz ki, böyük aktrisadır, Xalq artistidir, sənətinə və şəxsiyyətinə hər kəs hörmət edir. Amma idarəçilik başqa şeydir, sənətçi olmaq başqa.
Bir insanın 81 yaşı varsa, artıq onun çiyinlərinə bu qədər ağır və dinamik bir sahənin yükünü qoymaq nə dərəcədə məntiqlidir?
Bəli, yaş təcrübədir, amma kino həm də dinamikadır, enerjidir, müasir dünya ilə ayaqlaşmaqdır.
Bu gün dünya kinosu fərqli texnologiyalarla, sürətli addımlarla irəliləyir. 81 yaşlı bir rəhbərin durğunluq içində boğulan Azərbaycan kinosuna hansı yeni nəfəsi verəcəyi böyük sual altındadır.
Məsələ təkcə yaşda da deyil. O səsvermə zamanı yaşanan gərginlik və narazılıqlar göstərdi ki, bu qərar kino ictimaiyyətinin səmimi seçimi deyil. Narazı səslər, "sifarişli seçki" ittihamları əbəs yerə səslənmir. Sənət adamları da görür ki, eyni adamların eyni kreslolarda oturması inkişaf yox, sadəcə geriləmə gətirir.
Bu gün bizə kabinetlərdən deyil, çəkiliş meydançalarından gələn, gecəsini gündüzünə qatacaq, gənclərin dilini bilən, enerjili və iddialı kadrlar lazımdır.
Əgər doğrudan da Azərbaycan kinosunun dirçəlməsini istəyiriksə, keçmişin xatirələri ilə yaşamağı dayandırmalıyıq.
Xalq artistlərimizi başımızın üstündə saxlayaq, onlara layiqli hörmət göstərək, amma sükanı hərəkət etdirə biləcək gənclərə verək. Əks halda, biz hələ çox "Axırıncı aşırım"a baxıb nostalji edəcəyik, müasir kinosuzluğumuz isə faciə kimi böyüməyə davam edəcək.
Sima Babayeva

