Bu həftə elm dünyası yaddaqalan tarixi hadisəni qeyd etdi
Dünən, 12:43

Yəqin, bilməyən qalmadı ki, ABŞ kosmik agentliyi “NASA” tərəfindən 1977-ci ildə kosmosa göndərilmiş “Voyager 1” kosmik peyki Yer kürəsindən düz bir işıq-günü məsafəsini ötdü. Daha dəqiq, bu həftənin üçüncü günü Bakı vaxtilə günorta saat 3-ə işləmiş 50 yaşlı qoca “Voyager 1” bir işıq-günü məsafəsinə çatdı - bundan sonra ondan Yerə gələn elmi cihazların siqnalları və tərsinə, Yerdən ona göndərilən kontrol siqnallarına 24 saat vaxt lazımdır (Bu haqda dəfələrlə mən də burada yazmışam, linklər komentdədir).
Bəs “Voyager 1” hara gedir?
Əvvəla onu qeyd etmək lazımdır ki, bu tarixi kosmik gəmi öz ömrünün sonundadır. Onu kontrol edən “NASA”-dakı elm adamları çoxdan “Voyager 1”-in göyərtəsindəki elmi-texniki cihazların çoxunu söndürüblər. Cəmi iki cihaz aktivdir, maqnetometr və plazma dalğa subsistemi. Əgər başına heç bir iş gəlməsə, qalan enerjisi ilə 2035-ci ilə qədər bu cihazları işlətməyə qadirdir. Ondan sonra, təəssüf ki, əbədi sükuta qərq olacaq. Amma Yerlə əlaqə kəsilsə də, o yoluna davam edəcək. İçindəki “Qızıl Plastinka” daha bir neçə il də işlək vəziyyətdə, əgər varsa, Yerdənkənar varlıqlara mesajlar ötürə biləcək. Azərbaycandan bir balaban ifası da bu mesajların arasındadır.
1 işıq-günü nailiyyətinə çatsa da, əslində “Voyager 1” astronomik miqyasda ancaq bir heç sayıla bilən yol gedib. Kosmik era başlayandan Yer kürəsindən kosmosa uçurdulmuş 25 mindən çox kosmik qurğunun cəmi 5 dənəsi Günəş sistemindən çıxaraq ulduzlararaası fəzaya daxil ola bilmişdir. Onların da 3-ü ilə əlaqə tam kəsilib. Digər iki qurğudan biri olan “Voyager 1” beləcə interstellar məkanda sürətlə Yerdən 17 işıq-ili uzaqlıqda yerləşən Gliese 445 adlı ulduz istiqamətində hərəkət etməkdədir. Sürəti belə müqayisə etmək olar: o, Bakı- Sumqayıt arası məsafəni 2 saniyə yarıma qət edir. Bu cür yüksək sürətlə dayanmadan ancaq 40000 il sonra həmin ulduza çatacaq, bu da hələ ən yaxındakı ulduzdur. Əgər ulduzun yanından keçib öz qalaktikamız olan Südyolundan çıxmaq alınsa, nə az - nə çox, 2 milyard il keçəcək.
“Voyager 1“ səmada hal-hazırda İlandaşıyan bürcündədir. Yeri gəlmişkən, bu bürc əslində Günəşin keçdiyi bürclərdən biridir, ama astrologiyada 12 bürc var, halbuki 13 olmalıydı. Astroloji proqnozların mənasız olduğunu göstərən onlarla faktdan biri elə budur. Hətta bir həftədən sonra Günəş özü İlandaşıyan bürcündən keçəcək.
P.S. Ümumiyyətlə, Günəş hal-hazırda Tərəzi bürcündən keçir, Oxatan bürcündə doğulanlar da elə bilirlər ki, 22 noyabr bunların bürcü başlayıb.
Niyyat Bayramzada
TEREF

