Məktəblərdə geyim: əslində nə baş verib?
Bu gün, 00:11

Məktəblərdə geyimlə bağlı məsələ ətrafında müzakirələr, mübahisələr səngimir. Xeyli spekulyativ, manipulyativ şərhlər, yazılar, paylaşımlar da var. Bu məsələ ətrafında Azərbaycanın sərhədlərindən kənarda adekvat olmayan yanaşmalar var, hay-küy və qəzəb də öz yerində.
Əslində nə baş verib?
Baş verən budur ki, Milli Məclis "Ümumi təhsil haqqında" qanunu Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırmaq üçün qanunun 12-ci maddəsinə bu il iyulun 7-də dəyişiklik edib. Orda isə nəzərdə tutulur ki, dövlət təhsil müəssisələrində geyimin dünyəviliyinə əməl edilməlidir. Nazirlər Kabineti isə sentyabrın 21-də təhsilalanların, oktyabrın 6-da isə təhsilverənlərin geyim qaydalarını müəyyənləşdirib. Bu zaman geyimin dünyəviliyinə əməl etmək həm məktəblilər üçün, həm müəllimlər üçün imperativ kimi qoyulub. Söhbət, nə şagirdlər, nə müəllimlər açıq-saçıq, vulqar üslubda olan, diqqəti təhsildən yayındıran geyim tərzinin yasaqlanmasından gedir. Əgər dünyəvilik - bu Konstitusion müddəa əsas götürülürsə, deməli, həmin prinsipə zidd olan geyim, eləcə də, geyim elementləri istifadə olunmamalıdır.
Konstitusion müddəa hansıdır?
Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində deyilir: "I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II. Insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır".
Məlumdur ki, Konstitusiya, 1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə qəbul olunub. Deməli, ölkə vətəndaşlarının tam əksəriyyəti 18-ci maddəyə də səs verib. Başqa sözlə, dinin dövlətdən ayrı olmasını və dövlət təhsil sistemində dünyəvilik prinsipini cəmiyyətin (xalqın) əksəriyyəti qəbul edib, buna etiraz edəni şəxsən mən görməmişəm.
Beləliklə, bir halda ki Konstitusiya ilə din dövlətdən ayrılıb, hətta ayrıca bəndlə dövlət təhsil sistemində dünyəvilik qəbul olunub, o zaman məktəblərdə təhsilalanların və təhsilverənlərin də dini elementlərə əsaslanan geyimlərdə məktəbə gəlməsi avtomatik qadağan olunub. Parlamentin qəbul etdiyi qanun da, hökumətin qərarları da məhz burdan irəli gəlir.
Doğrudur, dövlət bu məsələnin həllini yenə də cəmiyyətin - referendumda dünyəvilik prinsipinə səs vermiş xalqın özünə həvalə edib. Yəni valideynlərə və məktəblərin Pedoqoji Şuralarına (ki, orda da yenə xalq var, hökumət yoxdur).
Dövlət hicabı qadağan etməyib. Dövlət yalnız öz təhsil sistemində dünyəviliyə icazə verib. Dövlət əvvəla, deməyib ki, hicab ümumiyyətlə qadağandır. Deyib ki, məktəbə dünyəvi geyimdə gəlmək lazımdır. Məktəbdən çıxandan sonra kimin hansı geyimdə gəzməsi onun öz işidir - dövlət qarışmır.
Ona görə, bəzi xarici dairələrin bu məsələyə qarışması yanlışdır. Azərbaycanın Konstitusion normalarını heçə saymaq heç kimin həddi deyil. Azərbaycan başqalarının tamam dini dövlət, yaxud dinin ölkənin idarə olunmasında üstünlük qazandığı dövlət qurmasını sorğulayıb?! Kim istəyər, İslam Respublikası qurar, kim istəyər, sözdə dünyəvi, mahiyyətcə dini dövlət qurar, özü bilər. Biz onların həyatına qarışmırıqsa, onlar niyə özündə belə bir haqq, yaxud səlahiyyət tapıb bizim işimizə qarışır?!
Azərbaycanın indi qəbul etdiyi bu qərarları Qazaxıstan, Özbəkistan, Tacikistan Azərbaycandan çox qabaq qəbul edib. Tacikistan xalqı da farsdillidir; İranla bir millət-iki dövlətdir. Üstəlik dini məzhəb də eynidir. Nə üçün Tacikistana bu etiraz yoxdur?! Eləcə də, o biri ölkələrə. Axı onlar da Konstitusiyaları, uyğun qanunları əsasında təhsildə dünyəviliyi qəbul ediblər.
Avropa ölkələrinə baxsaq, bəziləri bütünlüklə, bəziləri əsasən, bəziləri qismən öz məktəblərində dünyəviliyi pozan bütün dini geyim və geyim elementlərini qadağan edib. Ancaq heç vaxt görmədik ki, Niderlandın mediasında və sosial mediasında Fransanı təhqir və təhdid etsinlər. Hər dövlət elə ona görə dövlətdir ki, öz daxili qaydalarını özü təyin və tətbiq etsin. Öz ölkəsinin qadınlarını, qızlarını sosial-iqtisadi siyasətə etiraz etdiyinə görə küçədə güllələyən, qaldırıcı krandan asıb öldürən rejim başqa bir ölkədə qadınların, qızların məktəbdə "geyim haqqını" müdafiə edəndə çox əcayib görünür. Bir başqası da özünün sivil çoxpartiyalı demokratiyasını dini xurafatın qaranlığına aparırsa, o da onun öz seçimidir.
Yeri gəlmişkən, Azərbaycan bir çoxlarından fərqli olaraq bütün dinlərə hörmət göstərilən çoxkonfessiyalı, tolerant ölkədir. Hərə gedib özündəki vəziyyətə baxsın. Kim istəyir, öz körpə qızlarını, yeniyetmələri hansı geyimə həbs etmək istəyir, öz vicdanı ilə hesablaşsın. Dini etiqada dair qüsurlu, təhrifli təfsirini sekulyarlığın inancla dinc yanaşı yaşadığı ölkələrə ixrac etməyə çalışmasın. O yanlış təfsirdən heç özü xeyir görməyib, başqaları nə xeyir götürəcək?!
Uzun sözün qısası: "Azərbaycanda hicab qadağan olunub" deyə, heç nədən hay-küy salanlar (istər ölkənin içində, istər ölkənin çölündə), yumşaq desək, yanılırlar, ya da Azərbaycan cəmiyyətinin yeni nəsillərini yanıldıb özlərinin "ruhani" köləliyinə cəlb etmək istəyirlər. Buna isə Azərbaycan dövləti yol vermək istəmir. Mən də bir Azərbaycan vətəndaşı olaraq, bu məsələdə dövləti haqlı sayıram və yeni yetişən indiki və gələcək Azərbaycan insanının dünyəvilikdən kənarlaşmasını istəmirəm. Bu da mənim şəxsi düşüncəm və şəxsi seçimimdir. Heç kimin qarışmaq haqqı yoxdur. O qədər.
Bahəddin Həzi,
Bizimyol.info

