Azərbaycan tibbinin icbari sığortasına "icbari xilas" lazımdır...
Dünən, 16:27

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi işini bilən, peşəkar və savadlı həkimləri niyə narazı salır? Bir müddət əvvəl İcbari Tibbi Sıorta Agentliyində, eləcə də TƏBİB-də baş verənlərin nəticəsi olaraq, islahatlar aparıldı. Yüz minlərlə insanın, minlərlə həkimin narazılığına səbəb olan idarəçiliyin tənzimlənməsi üçün mühüm dəyişikliklər oldu. Qurumun səlahiyyətləri bölündü, başqa agentliklərə verildi, amma toplananların yerini dəyişdikdə cəm dəyişmədi. Heç vaxt da dəyişmir. Narazılıqlar yenə də davam edir. Özü də daha ciddi. daha konkret, daha sərt.
Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkimi Xəyal Aşurbəyli sistemdəki mövcud olan problemləri çılpaqlığı ilə yazıb. Diqqətlə oxuyun. Məncə, peşəkar bir kadr kimi formalaşmasına illərini xərcləyən həkim tam haqlıdır.

“Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib. Axtarıb araşdırmısınız ki, Xəyal bala bu əməliyyatı edə bilir. Gəlmisiniz yanıma, məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, sənin 3 aylıq qüsurlu övladını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək…
Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə bu stresi yaşamaq mənə rəvadırmı?! Mən bu əziyyəti, bu stresi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stresdən ötrü anestezioloq 20 manat alacaq. 20 manatdan ötrü bu əziyyəti, bu cavabdehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, necə olacaq bizim aqibətimiz?
İnsanlara icbari tibbi sığortanın həkimləri istismar etdiyini anlada bilmirik… İnsanlar deyir bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. O talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir…
Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür. Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğduğuna, həkim olmağına peşman edirlər… Bir dəfə gecə 11-də 9 aylıq uşağı xahiş-minnət, yalvar-yaxardan sonra əməliyyata aldım, bəlkə, səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. 9 aylıq 400 crp, 29 leykositlə, 40 qızdırma ilə. Təsəvvür edə bilirsiniz? Uşağı gecə 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi… İndi siz deyin, biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizimi görməliyik, rüşvətmi almalıyıq, rayondan gələn meyvəli-çolpalı “korobka”yamı göz dikməliyik, yoxsa ölkədənmi getməliyik?”.
Qeyd edim ki, bir neçə gün öncə tanınmış ürək cərrahı Üzeyir Rəhimov bu kimi problemə toxunmuşdu. “Bəli, özəl xəstəxanalara sığorta haqqı verilmir. Nəticədə, sizin vətəndaşlıq haqlarınızı pozurlar, həkim seçmə haqqınızı əlinizdən alırlar, məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz. Dövlət xəstəxanasında isə yaxşı həkimlər olur. Sadəcə orada ən böyük problem alqı-satqı, ləvəzimat əskikliyidir, bu da çox ciddi defektdir. Ağır işlədiyi üçün xəstəxanalar malla təmin edilə bilmir, bir çox aparatlar işlək deyil. Buna baxmayaraq, xəstələri özələ yox, başqa xəstəxanalara yönləndirirlər. Özəl xəstəxanada bir avadanlıq sıradan çıxanda yerində həll oluna bilir, amma dövlətdə belə deyil. Proses uzanır”.
Görünən odur ki, "Dəyirman bildiyini eləyər, çaxçax baş ağrıdar" prinsipi hər zaman qvvədədir.
Zaur Əhməd

