Bəzən düşünürəm ki, bəlkə də bizim cəmiyyətdə bəzi adamların iki ayrı bel sümüyü var: biri vəzifəlilər üçün, biri də qalan insanlar üçün.

Dünən, 00:14           
Bəzən düşünürəm ki, bəlkə də bizim cəmiyyətdə bəzi adamların iki ayrı bel sümüyü var: biri vəzifəlilər üçün, biri də qalan insanlar üçün.
Nüfuzlu, bərkgedən vəzifəli bir adam anormal bir söz deyir, dəxilsiz fikir yürüdür. Ətrafındakı əlçalan ştatında olan qul təfəkkürlü adamlar da dərhal tökülüşür
— Müəllim, necə də düz deyirsiniz!
— Nə işıqlı cümlədir!
— Bunu ancaq belə böyük düşüncə sahibi deyə bilər!
Adamın ağzından çıxan adi bir cümləni az qala fəlsəfi məktəbə çevirirlər. Amma eyni sözü mən desəm, birdən - birə həmin cümlənin bütün fəlsəfəsi ölər.
Çünki məsələ cümlədə deyil. Cümləni kimin deməsindədir. “Azman” adam deyəndə dərin fikir olur. Düşürlər içindən də çıxa bilmirlər. Dərinliyi ölçmək üçün ip gətirəsən, ip çatmaz.
Vəzifəsi, pulu olmayan adam deyəndə “bu nə danışır?” deyib keçirlər.
Vəzifəli adam deyəndə “strateji yanaşmadır”.
Heç bir vəzifəsi olmayan adam deyəndə “dəxilsiz fikirdir”.
Bəzən adamın fikrini yox, kreslosunu dinləyirlər.
Hətta elə məqam olur ki, adam bir söz deyir, məni fikir götürür ki, “Bunu mən desəydim, indi neçə nəfər məni savadsızlıqda ittiham etmişdi?”
Bir də ayrıca bir dəstə var: ancaq vəzifəli, nüfuzlu, “bərkgedən” adamların postlarını bəyənir, şərh yazır, ürək qoyur, alqışlayır.
Özünü də bizim yanımızda az qala sonuncu mütəfəkkir hesab edir. Bu adamlar vəzifəli şəxslərin postlarının altında vergül kimi əyilirlər, sonra gəlib adi insanların qarşısında nida kimi düz dayanıb özlərini dahi hesab edirlər.
Maraqlıdır ki, həmin adamlar bunu yaltaqlıq hesab etmirlər. Özlərini çox ciddi şəkildə hörmət edən, dəyər verən, yüksək düşüncəli insanlar hesab edirlər. Hörmət də bizdə bir az qəribə şeydir. Bəzilərinin hörməti aşağı əyildikcə artır.
Bəzən düşünürəm ki, bəlkə də bizim cəmiyyətdə bəzi adamların iki ayrı bel sümüyü var: biri vəzifəlilər üçün, biri də qalan insanlar üçün.
Gunel Musa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]