AŞAĞI YEMİŞCAN VƏ DAĞYURDUN ALINMASI.
6-10-2026, 17:48

Sentyabrın 19-da Muxtar-Şuşakənd istiqamətində ciddi uğurlar əldə edən Azərbaycan Ordusu paralel olaraq qonşu Aşağı Yemişçan və Yuxarı Yemişçan kəndləri istiqamətində əməliyyata başladılar. Azərbaycan Ordusunun bu istiqamətdə əsas postu İkinci Qarabağ müharibəsi zamanı alınmış Çaxmaq zirvəsi idi. 1211,3 metr yüksəklikdən Yemişçan kəndləri aydın görünürdü. Erməni ordusu isə bu postun qarşısında 1114 yüksəkliyində yerləşmişdi. Ərazidəki döyüş mövqelərini yerli əhalidən formalaşmış könüllü dəstələr müdafiə edirdi. Azərbaycan Ordusunun kəndin qərbində 1150 metr hündürlükdə yerləşən postu hücum edən tərəfə ciddi üstünlük verirdi.
Müharibənin ilk günündə birbaşa post hücumlarına ehtiyac olmadı. Muxtar-Şuşakənd istiqamətində cəbhənin çökməsindən istifadə edən Azərbaycan əsgərləri R-31 yolu ilə hərəkət edərək Yemişçan kəndlərinə qərbdən yaxınlaşdı. Bu istiqamətdə yalnız 1 erməni döyüş mövqeyi mövcuddu. Azərbaycan əsgərlərinin həmin postun arxasına keçməsi ilə erməni qüvvələri müqavimət göstərmədən mövqelərini tərk etdilər. Beləliklə, Azərbaycan Ordusu sentyabrın 20-də Aşağı və Yuxarı Yemişçan kəndlərinə daxil oldu. Azərbaycan Ordusunun sürətli hücumu nəticəsində yerli sakinlər yaxınlıqdakı Xaçmaç kəndinə qaçdılar və onlardan bəziləri meşədə azdılar. Robert Musaelyan və Şura Minasyandan indiyə kimi xəbər yoxdur. Kənd icmasının rəhbəri Artyuşa Mikaelyan yolda öldürüldü, Melikset Paşayan isə Azərbaycan Ordusu tərəfindən əsir alındı.
Azərbaycan Ordusunun Şuşakənd - Qırmızı Bazar cəbhəsi istiqamətində əsas hədəflərindən biri Xankəndi - Qırmızı Bazar yolunun üzərində olan Dağyurd kəndi idi. Bu kənd İkinci Qarabağ müharibəsindən sonra təmas xəttində yerləşirdi. Kəndin ətrafında ermənilərin 4 postu yerləşirdi. Xaçmaç kəndinə doğru olan 309 nömrəli post və 938 metr yüksəkliyində yerləşən 312 nömrəli post digər 2 post kimi vacib hesab olunmurdu. 1040 metr yüksəklikdə yerləşən 310 nömrəli post üzü Qarabulaq kəndinə baxırdı. Bura ermənilərin ən vacib postu hesab edilirdi. Yüksəklikdə yerləşməsi onu strateji baxımdan çox vacib edirdi. 952 metr yüksəklikdə yerləşən 311 nömrəli post isə üzü Çağadüz kəndinə baxırdı. Bu cəbhə xəttində Azərbaycan postları ilə erməni postları arasında xeyli məsafə vardı. Çağadüz kəndinin içində yerləşən Azərbaycan postu 895 metr yüksəklikdə idi. İkinci Azərbaycan postu isə nisbətən hündürdə, 956 metr yüksəkliyində yerləşirdi.
Kənd ərazisindəki erməni döyüşçülərinin sayı 90 nəfərdən ibarət idi. 2021-ci ildə formalaşdırılmış bu erməni bölmələrinə Sasun Sahakyan rəhbərlik edirdi. 311-ci postun komandiri Armen Arustamyan idi. 2022-ci ilə qədər Rusiyada yaşayan Armen Arustamyan kəndə anasına baş çəkmək üçün gəlmişdi və Sasun Sahakyanın taqım komandiri təklifini qəbul edərək kənddə qalmışdı. 310-cu postun komandiri isə Dağyurd kənd məktəbində bədən tərbiyəsi müəllimi işləyən Valeri İsraelyan idi.
Müharibə başlamadan əvvəl Azərbaycan Ordusu ərazidə kəşfiyyat işləri aparmağa başladı. Sentyabrın 19-da səhər saat 8:30 radələrində 311-ci postun komandiri Armen Arustamyan Azərbaycan bölmələrinin hərəkətini müşahidə etdi və dərhal bu barədə yuxarı komandanlığa məlumat verdi. Azərbaycan hərbçiləri Çağadüz kəndindən 70-ə yaxın qüvvə ilə Navatxan çayı istiqamətində hərəkət edirdi. Sasun Sahakyanın əmri ilə dərhal həyəcan verildi və bununla bağlı kənd icra nümayəndəsi Karen Qasparyana xəbərdarlıq olundu. Valeri İsraelyan xatırlayır: “Səhər saat 11-də məktəbdə olanda tarix müəllimi gəlib dedi ki, kənd icra nümayəndəsi zəng edərək hərbi vəziyyətin elan olunduğunu bildirib. Daha sonra Qasparyan mənə zəng etdi və vəziyyətin ciddi olduğunu bildirdi. Azərbaycanlılar dərədən keçərək kəndə doğru gəlirdilər. Tez bir zamanda silahlanıb həmin istiqamətə doğru hərəkət etdik. Andrey, Artak və mən dərəyə çatdıq. Orada düşmənin irəlilədiyini gördük. Yuxarıya doğru qalxanda artıq döyüşməyə başladıq.”
Azərbaycan Ordusu hücum zamanı birbaşa mövqelərə hücum etmək əvəzinə, düşmənin müdafiəsiz sahələrindən yan keçərək əraziləri nəzarətə götürməyə çalışdı. Bu manevr kənddə yerləşən erməni silahlı qüvvələrinin bölünməsinə, eləcə də, onların koordinasiyasının pozulmasına səbəb oldu. Dərə boyunca hərəkət edən Azərbaycan Ordusu ilə Dağyurd kənd sakinlərinin döyüşündə erməni tərəfi ağır itkilər verdi. Bu döyüşlərdə Geqam Kazaryan, Vardan İsraelyan, Vrej Qasparyan, Valeri Qasparyan və Robert Avetisyan öldürüldü. Dərədə döyüş davam edərkən digər qrup 311-ci posta hücum edərək postu ələ keçirdi. Bu döyüşdə postun komandiri Armen Arustamyan, Arsen Avşaryan və Şabo Qriqoryan məhv edildi. Dağyurd məktəbində hərbi müəllim işləyən Vardan Avanesyan xatırlayır: “Əks-hücuma keçməli olduq, itiriləsi vaxt yox idi. Mən, David, Artem və bir az sonra bizə qoşulan Armen ilə hücuma keçdik.” Bu döyüşdə Armen Qasparyan öldürüldü, Vardan Avanesyan isə ağır formada yaralandı. Yaralıları bölük komandiri Sasun Sahakyan mövqelərindən çıxardı. Güclü müqavimətə rast gələn erməni hərbçiləri 310-cu postdan qumbaraatanlarla 311-ci postu vurmağa başladı. Bununla belə, heç bir nəticə əldə etməyən ermənilər axşam saatlarında kəndə geri çəkilməli oldular.
Kənddə döyüş davam edərkən yerli əhali yaxınlıqdakı meşədə gizlənmişdi. Hərbi əməliyyatların başlanmasından dərhal sonra yaralanan Karen Qasparyan mülki əhali ilə birlikdə qonşu Ağbulaq kəndinə təxliyə olundu. Sentyabrın 20-də Dağyurdda qalmış erməni hərbçilər ərazini tərk etdilər. Beləliklə, Azərbaycan Ordusu Dağyurd kəndinə tam nəzarəti ələ keçirdi.
DAVAMI OLACAQ...
Mənbə: Topchubashov Center.
Hərbi Analiz

