ÖLÜLƏR MƏCLİSİ...

7-10-2026, 11:14           
ÖLÜLƏR MƏCLİSİ...
P.S. İlk dəfədir fantastik-satirik hekayə janrında qələmimi sınayıram. Mətndə adı çəkilən böyük ədəbiyyat və tarix şəxsiyyətləri məsxərə obyekti deyil; əksinə, onların bədii obrazları vasitəsilə bu günümüzə baxmağa çalışmışam. Xahiş edirəm, sona qədər oxumadan fikir bildirməyin...
Ölümün səsi yox imiş. Bunu öləndə bildim.
Qarşımda yol vardı. Torpaq deyildi, daş deyildi. Ayağımın altında nə olduğunu görmürdüm, amma addımlarım məni harasa aparırdı. Bir yerdən sonra qaranlığın rəngi dəyişdi. Uzaqda zəif işıq göründü. İşığa yaxınlaşdıqca əvvəl budaqlar, sonra yarpaqlar, sonra böyük bir bağ seçildi. Hava nə isti idi, nə soyuq. Günəş yox idi, amma hər tərəf işıqlıydı. Elə bil burada gündüzlə gecə çoxdan barışmışdı.
Qoca ağacların altında uzun süfrə açılmışdı. Mis samovar asta-asta qaynayırdı. Armudu stəkanlardan buxar qalxırdı. Ölüm haqqında çox şey eşitmişdim, amma heç kim samovardan danışmamışdı.
Yaxınlaşdıqca sifətlər tanış gəlməyə başladı.
Baş tərəfdə Nizami Gəncəvi oturmuşdu. Tünd rəngli uzun əbasının qolları biləklərinə qədər enirdi. Saqqalında ağ çox idi. Çayı tələsmədən içir, danışanı dinləyəndə başını azca yana əyirdi.
Yanında Füzuli oturmuşdu. Arıq barmaqlarının arasında lələk qələm tutmuşdu. Qarşısında saralmış vərəq, yanında isə dibində bir damcı da qalmayan mürəkkəb qabı vardı.
Bir qədər aralıda Nəsimi oturmuşdu. Əynində sadə uzun köynək, çiynində açıq rəngli örtük vardı. Bir əli ilə tez-tez başını qaşıyırdı.
Cəlil Məmmədquluzadə eynəyini burnunun ucuna endirmişdi. Qarşısındakı kağıza baxırdı, amma hərdən gözləri kağızdan çıxıb süfrədəkilərin üzündə gəzirdi.
Məmməd Səid Ordubadi alma soyurdu. Qabıq bıçağın ucundan qırılmadan uzun lent kimi sallanırdı.
Ömər Xəyyam hamıdan bir az aralı oturmuşdu. Ağ saqqalı sinəsinə tökülmüşdü. Qarşısındakı piyaləni iki əlinin arasında tutmuşdu. Sonra bildim ki, qulaqları tamam tutulub.
Məni birinci Füzuli gördü. Lələk qələm barmaqlarının arasından düşdü. Ayağa qalxıb düz üstümə gəldi.
- Usandı?
Dayandım.
- Kim?
Füzulinin üzündə qəfil yaranmış ümid söndü.
- Yar...
- Hansı yar?
Əlini alnına vurdu.
- Yenə bundan xəbər yoxdur...
Nizami stəkanı dodağından araladı.
- Məhəmməd, heç olmasa adamın ölməyinin beş dəqiqəsi tamam olsun.
Füzuli yerinə qayıtdı.
- Mən beş yüz ildir gözləyirəm. Beş dəqiqənin söhbətin edirsən.
Ordubadi almanı soymağa davam etdi.
- Beş yüz ildə gələnlərin heç biri tanımayıbsa, bəlkə ünvanı səhv vermisən?
Füzuli ona tərs-tərs baxdı. Ordubadinin bıçağı dayandı.
- Mən heç nə demədim.
Ömər Xəyyam qəfil başını qaldırdı:
- Qatığı günün altında saxlamaq olmaz.
Hamı ona baxdı. Nizami:
- Ömər...
Xəyyam əlini qulağının arxasına qoydu.
- Haa?
- Heç nə.
Xəyyam razılıqla başını tərpətdi.
- Mən də onu deyirəm. Tez turşuyur qatıq.
Oturanda Füzuli boş mürəkkəb qabını qaldırıb mənə göstərdi.
- Mürəkkəb gətirməmisən?
Başımı yelləyib dedim:
- Xeyr.
- Lələyim var, mürəkkəbim yoxdur. Söz tapıram, yaza bilmirəm.
Sonra bağın o biri başını göstərdi.
- Darvində qələm var. Vermir.
Uzaqda uzun ağ saqqallı Darvin ağacın altında dayanmışdı. Əlində müasir qələm, o biri əlində balaca dəftər vardı.
Füzuli səsləndi:
- Darvin!
Darvin başını qaldırdı.
- Qələmi bir az ver də...
Darvin qələmi cibinə qoydu.
- Lazımdır.
- Mənə də lazımdır!
- Keçən dəfə əlindəki qələmi sındırdın.
Füzuli əlini sinəsinə vurdu.
- O, ədəbiyyat naminə idi!
- Mənimki elm naminədir.
Füzuli Nizamiyə tərəf çevrildi:
- İlyas, görürsən? Elm ədəbiyyata qələm vermir.
Nizami çayından içdi:
- Sən adam balasından qələm istə. Heç meymun adama qələm verər?...
Nizami çaydanı mənə tərəf çəkdi:
- De görək, bizdən sonrakı ədəbiyyat nə haldadır?
- Ədəbiyyat var. Ədəbiyyatçı çoxdur.
Ordubadinin bıçağı dayandı:
- Ədəbiyyatdan çox?
- Xeyli.
Nəsimi başını qaşıdı:
- Bəs şair?
- Lap çox. Kilonan şair var.
- Dahi?
- Ondan da çox.
- Dahi necə bu qədər çoxala bilər?
- Facebook var.
- O da şairdir?
Cəlil kişi gözlərini yumdu:
- İmadəddin, qoy danışsın.
- İnternetdən bir filosofun sözünü götürürlər, öz şəkillərinin üstünə yazıb paylaşırlar. Altından da biri yazır: "Dahi!"
Nizami stəkanı yerə qoydu:
- Söz kimindir?
- Filosofun.
- Şəkil?
- Özünün.
Nəsimi bir müddət üzümə baxdı və dedi:
- Mən otuz il nahaq əziyyət çəkmişəm.
Ordubadi:
- Niyə?
- Bir yaxşı rəssam tapıb şəkil çəkdirərdim, məsələ bitərdi.
Yenə başını qaşımağa başladı.
Xəyyam qəfil dilləndi:
- Keçi dərisi möhkəm olur.
Nəsimi ona baxdı:
- Bu kişi mənə sataşır.
Xəyyam:
- Nə?
- Heç nə.
- Mən də onu deyirəm.
Nizami soruşdu:
- Bəs şairlərdən yaxşı biri var?
- Aqşin Yenisey var.
Füzuli dikəldi:
- Bir şeirindən de.
Yadımda qalan qəribə obrazları danışmağa başladım. Qarğalar uçdu, arvadının xalası zəng elədi, ardınca İsanı kölələr şillələdi. Bir fikir o birinin ayağını tapdalayıb şeirin içində yoxa çıxdı.
Füzuli əlini qaldırdı:
- Dayan.
Dayandım.
- Qarğalar hanı?
- Uçdu.
- Hara?
- Bilmirəm.
- Bəs arvadının xalası?
- Qaldı arxada.
Füzuli Nizamiyə baxdı:
- Sən başa düşdün?
Nizami saqqalını tumarladı:
- Mən elə bilirdim sən başa düşmüsən.
Nəsimi yenə başını qaşıdı:
- Bəlkə arvadının xalası qarğaları axtarır?
Füzuli lələk qələmi götürdü. Nizami dərhal əlini uzatdı:
- Məhəmməd, qələmi qoy.
- Mən bir beyt üçün gecəni səhərə qədər yatmamışam.
- Qələmi qoy yerə!
- Bir qafiyəyə yüz söz qurban vermişəm...
ÇAT! Qələm iki yerə bölündü. Yarısı uçub Nizaminin çayına düşdü. Nizami stəkanın içinə baxdı və qələm parçasını iki barmağı ilə çıxardı:
- Bu nədir?
Füzuli:
- Qələmin yarısı.
Nizami ayağa qalxdı. Füzuli stulunu geri çəkdi:
- Qəsdən olmadı.
- O biri yarısını da ver.
- Neynirsən?
Nizami əbasının qolunu çırmaladı:
- İkisini birləşdirib sənə başa salacağam.
Füzuli süfrənin o biri tərəfinə keçdi. Ordubadi almanı atıb Nizamini belindən tutdu:
- Ay kişi, dayan!
- Burax!
- Doqquz yüz yaşında adamsan!
Füzuli uzaqdan:
- Ayıbdır eee, dörd yüz yaş səndən kiçiyəm. Hünərin var get Əfzələddin Xaqaninən belə danış!
Cəlil kişi sakitcə çayını süfrənin ortasına çəkdi. Ömər Xəyyam başını qaldırdı:
- Mən gənclikdə yaxşı güləşirdim.
Bir azdan hamı yenidən oturdu. Nizami çayını Füzulidən uzağa qoydu. Ordubadi mənə baxıb soruşdu:
- Gənc roman yazanlarımız var?
- Kəramət Böyükçöl.
Nəsimi qaşlarını çatdı:
- Nə?
- Böyükçöl.
Nəsimi ətrafa baxdı. Sonra Nizamiyə tərəf əyilib səsini alçaltdı:
- İndiki ölülər ayaqyoluna da gedir?
Nizami stəkanı ağzından çəkdi:
- Nə?!
- Deyir "böyük çöl". Yəqin açıq deməyə utanır.
Ordubadi əlindəki almanı masaya qoyub başını aşağı saldı. Çiyinləri tərpənirdi.
Füzuli:
- Böyükçöl təxəllüsüdür.
Nəsimi:
- Yaxşı, çöl məsələsi həll olundu. Roman necədir?
Qızın ayağındakı səndəldən, oğlanın ayaqqabısından, eşq başlamamış ayaqların süjetə qarışmasından danışdım.
Ordubadi:
- Bunlar bir-birini sevir?
- Guya.
- Bəs niyə ayaqlarından başlayırlar?
Füzuli:
- Bəlkə eşq indi aşağıdan başlayır.
Nəsimi:
- Sonra yuxarı qalxır?
Mirzə Cəlil:
- Qalxa bilsə, ədəbiyyat olar.
Xəyyam qəfil başını qaldırdı:
- Kəramət?
Nəsimi ona baxdı:
- Bunu necə eşitdin?
Xəyyam sinəsinə əl qoydu:
- Məndə də kəramət var.
- Nə kəramət?
Xəyyam piyaləsini göstərdi:
- Bunu içirəm, yox olur.
Cəlil kişi:
- Onu Əliağa Vahid də bacarır.
Xəyyam:
- Nə?
Cəlil kişi əlini yellədi. Bağın o biri başından taxta şaqqıltısı gəldi. Lenin çiynində yoğun şalban daşıyırdı. Köhnə pencəyinin çiyinləri toz içindəydi. Stalin köynəyinin qollarını dirsəyinə qədər çırmalayıb sement qarışdırırdı. Bığının ucuna ağ sement sıçramışdı.
Xruşşov əl arabasında qum daşıyırdı. Mircəfər Bağırov ağ köynəkdə beli torpağa söykəyib hamını süzürdü.
Stalin başını qaldırmadan dedi:
- Yoldaş Bağırov!
Bağırov dərhal beli götürdü:
- İşləyirəm.
İki kürək torpaq atdı dayandı. Stalin yenə baxmadan:
- Görürəm.
Bağırov işləməyə davam etdi.
Ayna Sultanova, Məşədi Əzizbəyov və Nəriman Nərimanov nimçələrdə çay gətirirdilər. Lenin şalbanı yerə söykəyib stəkana əl uzatdı.
Şah İsmayıl uzaqdan səsləndi:
- Şalbanı qaldır!
Lenin:
- Yorulmuşam!
- Dam yarımçıqdır. Şalbanı apar!
Lenin şalbanı yenidən çiyninə götürdü. Elə bu vaxt ağacdan armud düşüb qabağına diyirləndi. Başımızı qaldırdıq. Sultan Səlim ağacın başında armud yığırdı. Ağacın altında Darvin dayanmışdı. Bir əlində həmin müasir qələm, o biri əlində dəftər vardı. Bir az aralıda Nyuton ağacın kölgəsində kitab oxuyurdu.
Səlim Darvinə baxdı:
- Səhərdən nə yazırsan?
- Müşahidə.
- Nəyi?
- Hələ qərar verməmişəm.
Səlim əlindəki armudu ona atdı, Darvin əyildi. Armud düz Nyutonun başına dəydi.
TARP!
Nyuton kitabı əlindən yerə saldı. Yerdəki armudu götürüb bir müddət baxdı. Sonra başını qaldırdı.
- Yenə başladı...
Darvin dəftərinə nəsə yazdı. Nyuton ona baxdı:
- Nə yazırsan?
- Müşahidə.
- Yaz ki, bu dəfə cazibə yox, Səlim idi.
Sultan Səlim budaqdan səsləndi:
- Qəsdən olmadı!
Nyuton armudu cibinə qoydu.
- Birinci dəfə də alma qəsdən düşməmişdi.
Füzuli Darvinin qələmini görüb yenə səsləndi:
- Darvin!
Darvin qələmi dərhal cibinə qoydu:
- Yox!
- Heç istəməmişəm hələ!
- İstəyəcəksən də.
Füzuli boş mürəkkəb qabını havaya qaldırdı:
- Lələyim var, mürəkkəbim yoxdur! Sənin qələmin var, səhərdən ağaca baxırsan!
- İşim var.
- Nə işin?
- Müşahidə.
Füzuli Sultan Səlimə baxdı. Sonra Darvinə dedi:
- Qələmi ver. Mən bunu səndən yaxşı yazaram.
Darvin cibini əli ilə örtdü.
Mən də bu vaxt Fazil Mustafanın dediklərini Şah İsmayıla xəbərçilik edirdim. Şah İsmayılın əlində çevirdiyi təsbeh dayandı:
- Fazil?
- Hə.
- Fəzilətli mənasında?
- Rəzillikdə fəzilətlidir.
Təhmasib əlindəki domino daşını barmaqları arasında sıxdı:
- Ata, beş yüz il keçib. Hələ də səninlə davaları qurtarmayıb?
Xətai təsbehin dənələrini çevirməyə başladı:
- Ölən adamla mübahisə etmək rahatdır, oğlum. Sözünü kəsə bilmir.
Təhmasib domino daşını masaya qoydu:
- Bəs sən nə deyərdin?
Xətai bir müddət cavab vermədi.
- Mən səhv etmişəmsə, yazsınlar. Etmədiyimi də boynuma qoymasınlar. Tarix ölülərin üstünə istədiyin paltarı geyindirdiyin bazar deyil.
Sonra Xətai uzaqdakı tikintiyə baxdı. Soruşdum:
- Şah, nə tikdirirsən?
- Hərəmxana.
- Sənin?
- Mənim.
- Bəs...
Xətai sözümü kəsdi:
- Dünyada Taclı Bəyim imkan verdi ki, mənim hərəmxanam olsun?
Təhmasib başını aşağı saldı. Xətai davam etdi:
- O qadının bir baxışı vardı. Mən Çaldıranda topun qabağına gedirdim, onun qabağında bəzi məsələləri açmağa ürək eləmirdim.
Təhmasib dodağının altında gülümsədi. Soruşdum:
- Bəs Taclı Bəyim bura gəlsə?
Xətainin əlindəki təsbeh dayandı. Tikintiyə baxdı. Sonra Leninə. Sonra Stalinə.
Bir qədər susdu.
- O məsələni fikirləşməmişdim.
Təhmasib başını qaldırdı:
- Ata, mən deyirdim tələsmə.
Xətai tikintiyə səsləndi:
- Lenin!
Lenin şalbanın altından:
- Nədir?!
- Bir az asta tikin!
Stalin beli sementdən çıxardı:
- Bayaq "tez olun" deyirdin!
Xətai:
- Vəziyyət dəyişdi.
Cəlil kişi süfrədən dilləndi:
- Ailə məsələsidir. Siyasətdən də tez dəyişir.
Xətai tikintiyə baxdı.
- Hələlik bir mərtəbə tikin.
Təhmasib soruşdu:
- Bəs burada baş otaqda qalan hərəm kim olacaq? Qadın yoxdur axı...
Xətai əvvəlki arxayınlığına qayıtdı:
- Fazil Mustafa olacaq. O gələnə kimi otaq bağlı qalacaq.
Təhmasibin barmaqları domino daşının üstünə getdi:
- Ata, onu mən yerləşdirəcəyəm otağa.
- Sən heç kimi yerləşdirməyəcəksən.
- Onda Fazilin qapısını mən açım?
- Yox.
- Pəncərəsini?
- Yox.
- Heç olmasa açarı...
Xətai üzünə baxdı, Təhmasib cümləsini uddu. Bir az sonra asta səslə dedi:
- Açar deşiyinin yerini heç olmasa bilim.
Xətai eşitməzliyə vurdu. Tikintidən Stalin qışqırdı:
- Sement qurtardı!
Xətai dərhal:
- Bağırov!
Mircəfər Bağırov sement kisəsinə baxdı, sonra ağ köynəyinə.
Cəlil kişi süfrədən dedi:
- Mircəfər, burada ağ köynəyin toxunulmazlığı yoxdur.
Bağırov kisəni çiyninə götürdü. Sement tozu başından aşağı töküldü.
Ağacdan Sultan Səlim səsləndi:
- İsmayıl!
Xətai başını qaldırdı. Səlim bir armud göstərdi.
- İstəyirsən?
- Şirindir?
Səlim dişlədi, üzü turşudu.
- Yox.
- Saxla, atan Bəyazidə verərsən.
Ömər Xəyyam qəfil piyaləsini masaya vurdu:
- Böhtandır!
Hamı ona baxdı. Nizami:
- Nə böhtandır?
Xəyyam qulağını qabağa verdi:
- Nə?
- Kim sənə nə dedi?
Xəyyam qaşlarını çatdı:
- Heç kim mənim şərabı su ilə qarışdırdığımı deyə bilməz!
Nizami əllərini yana açdı:
- Heç kim demədi!
Xəyyam sakitləşdi. Piyaləsini götürdü.
Bağın üstünə asta-asta axşam enirdi.
Füzuli sınmış qələmin iki parçasını birləşdirməyə çalışırdı. Yanında boş mürəkkəb qabı vardı.
Nizami çayını ondan uzaq saxlayırdı.
Ordubadi yenə alma soyurdu.
Nəsimi başını qaşıyırdı.
Darvin qələmini Füzulidən gizlədirdi.
Nyuton hər armud düşəndə başını qaldırırdı.
Sultan Səlim ağacda qalan son armudu axtarırdı.
Uzaqda Lenin şalban, Bağırov sement daşıyırdı. Stalin sement qarışdırır, Xruşşov əl arabasını itələyirdi.
Şah İsmayıl tikintinin qarşısında dayanmışdı.
Təhmasib hələ də Fazilin açar deşiyinin yerini öyrənməyə çalışırdı.
Mirzə Cəlil məndən soruşdu:
- Dünyada kitab oxuyurlar?
- Az.
- Kitab yazırlar?
- Çox.
- Tarix oxuyurlar?
- Az.
- Tarixdən danışırlar?
- Çox.
- Siyasət öyrənirlər?
- Az.
- Siyasətçi?
- Çox.
Cəlil kişi eynəyini masanın üstünə qoydu:
- Əvvəllər cahil bilmədiyini gizlədirdi.
Bir an susdu. Sonra davam etdi:
- İndi paylaşır.
Uzaqdan çəkic səsi gəldi.
- Ədəbiyyatın dərdi yazıçının azlığı deyil. Yazmayan özünü yazıçı, oxumayan özünü tənqidçi, düşünməyən özünü ziyalı elan edəndə başlayır.
Ömər Xəyyam başını qaldırdı:
Biz qəflət toruna düşmüş bir quşuq.
Dünyanın dərdindən cana doymuşuq.
Nə gəlmək arzumuz olub, nə getmək,
Bu damsız, qapısız yerə uymuşuq...
Namiq Haşimzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]