Cəlil Məmmədquluzadə bir neçə dəfə ölüm təhlükəsi ilə üz-üzə qalıb.
6-10-2026, 17:04

Bunlardan biri onun naşiri olduğu “Molla Nəsrəddin” dərgisinin 20 yanvar 1908 - ci il tarixli sayında işıq üzü görən bir karikatura ilə bağlı olub. Həmin karikaturada Nəcəf müctəhidləri (din xadimləri) hədəf alınıbmış. Bu da ruhanilərin xüsusi qəzəbinə səbəb olur.
Mirzə Cəlilə qarşı təhqirlər və təhdidlər Nəcəf müctəhidlərinin onun haqqında ölüm fətvası imzalaması ilə nəticələndi. Fətvada böyük yazıçını öldürən şəxsə cənnət vəd olunurdu. Bir nüsxəsi də Mirzə Cəlilin özünə göndərilən fətva nə onu, nə “Molla Nəsrəddin”çiləri qorxutmadı. Dərginin həmin ilin fevralında çap edilən ilk sayında, bu dəfə də Bakı mollaları hədəf seçilmişdi: təmsili molla Hacı Cavad məscidinin minbərində əyləşib, sağ əlində Quranı, sol əlində isə "murdar" olduğu üçün barmaqlarının ucu ilə “Molla Nəsrəddin” jurnalını tutub ağlaya- ağlaya onu buraxanlara lənət oxuyur, qarğış edir, həmin insanları "Allah yolunda" cəzalandırmağa çağırırdı. Həmin karikaturadan sonra Bakı dindarlarının imzası ilə Qafqaz canişininə ərizə ünvanlandı: orada “Molla Nəsrəddin”in jurnalının qapadılması, dinə sataşan məlunun isə haqq- hesaba çəkilməsi tələb olunurdu. Elə həmin günlərdə Bakıdan Tiflisə üç nəfər göndərilmişdi. Onlara Mirzə Cəlili öldürmək tapşırılmışdı...
Qatillərdən öncə Tiflisə bu barədə xəbər yetişdi. Görkəmli yazıçının Bakıdakı xeyirxah dostları məsələdən agah olan kimi ona ismarış yollamışdılar. Çox keçmədən Tiflisin İrəvanski meydanı yaxınlığında, Sololak küçəsində üzərində üç tapança olan, yapıncıya bürünmüş bir nəfər şübhəli şəxs kimi saxlanılmış, məlum olmuşdu ki, Bakıdan göndərilən üç nəfərdən biri məhz odur. Bu yolla digər cinayət təşəbbüskarları da ifşa edilmişdi. Beləcə, Bakı ruhanilərinin niyyəti baş tutmamışdı... Bu hadisələrdən sonra, artıq Mirzə Cəlil özünü qorumaq məqsədilə silahla gəzməyə başlamışdı. Haqqında qələmə alınmış xatirələrdən onu da öyrənirik ki, ədibin üzərində "371966" nömrəli kiçik tapança olub. Böyük maarifçinin həyat yoldaşı Həmidə xanım sonralar xatirələrində həmin silahı muzeyə verdiyini yazıb...
Yeri gəlmişkən, Mirzə Cəlil daha bir ölüm təhlükəsi ilə məhz Həmidə xanımla ailə qurarkən üzləşib. Evlilik barədə xəbər alan Qarabağ bəyləri cin atına minmişdilər...Plana görə, Ağdam bazarında Mirzə Cəlilin olduğu faytonun qarşısı kəsilməli və o təhqiramiz şəkildə öldürülməli idi. Bu plan Həmidə xanımın əmisi oğlu İbiş bəyin səyi nəticəsində baş tutmur. “Bu, həmin o İbiş bəy idi ki, dövlət qulluqçularının üzünə ağ olduğu üçün 12 il Sibirdə sürgündə olmuşdu” – Həmidə xanım xatirələrində yazır.
Qarabağ bəylərinin Mirzə Cəlilə nifrətinin kökündə də həm onun dinə münasibəti, həm də millətin qanına zəli kimi daraşan bəylərə qarşı kəskin tənqidləri, öldürücü lağlağıları dayanırdı.
Mirzə Cəlilin ölümlə cəngi bununla da bitmir: “Molla Nəsrəddin” dərgisində işıq üzü görən “Erməni və müsəlman övrətləri” adlı məqalə də (19 may 1907-ci il) böyük səs-küyə səbəb olmuş, yerli ruhanilərin təhriki ilə Bakının müsəlman əhalisi ayağa qalxmışdı. İş o yerə çatmışdı ki, görkəmli yazıçını öldürməyə açıq çağırışlar edilirdi. Yalnız başqa bir görkəmli maaarifpərvər, ilk “Molla Nəsrəddin"çilərdən olan Ömər Faiq Nemanzadənin qəzəblənmiş kütlənin ayağına getməsi, onun qarşısında çıxış etməsi nəticəsində ara nisbətən sakitləşmişdi...
Bax belə! Görkəmli ədib, demokrat yazıçı Cəlil Məmmədquluzadə bu çətinliklərlə mübarizə apara-apara xalqı qaranlıqdan aydınlığa çıxarmağa çalışırdı. Deyin görək, günümüzdə Mirzə Cəlilin tənqidləri qələmə alınmış olsaydı, sizlər (bizlər) həmin həqiqətlərı qələmə alanların öldürülməsinə, "cəzalandırılmasına" razı olardıqmı? Həqiqəti söyləyəni daşlayardıqmı? Bəlkə daşlayırıq, xəbərimiz yoxdur...
Allah böyük Cəlil Məmmədquluzadəyə rəhmət eləsin.
Məcid Rəşadətoğlu

