Trampın malikanəsində insident: Qadın həbs edildi, iti vuruldu – FOTO

28-08-2026, 16:38           
Trampın malikanəsində insident: Qadın həbs edildi, iti vuruldu – FOTO
ABŞ Prezidenti Donald Trampa məxsus Mar-a-Laqo iqamətgahında gözlənilməz insident baş verib. Gənc qadının qapalı əraziyə icazəsiz girmək cəhdi polis təqibi və atəşlə yekunlaşıb, nəticədə onun iti ölüb.

Oxu.Az-ın "Daily Mail" nəşrinə istinadən verdiyi məlumata görə, 29 yaşlı Aleksa Rey Şarf ABŞ Məxfi Xidmətinin nəzarət postunu icazəsiz keçməyə müvəffəq olub. Hüquq-mühafizə orqanlarından qaçan şübhəli şəxs bir neçə saatlıq axtarışlardan sonra saxlanılıb.

Boz rəngli "Hyundai" avtomobili idarə edən qadın əvvəlcə tennis klubunun parkinq ərazisinə daxil olub. O, maşından enərək su şlanqını götürüb və Məxfi Xidmət agentinə avtoyuma üçün gəldiyini deyib. Zabitlər ona dayanmaq əmri versələr də, o, avtomobilini asayiş keşikçilərinin üstünə sürüb. Polislər son anda xəsarət almaqdan xilas olublar.

Sonra Şarf avtomobili özəl malikanənin qapısına çırpıb və saxlanılan zaman maşından çıxmaqdan imtina edib. Asayiş keşikçiləri nəqliyyat vasitəsinin şüşəsini sındıraraq onu çölə çıxarıblar. Bu əsnada qadına məxsus pitbul cinsli it polis əməkdaşına hücum etdiyinə görə asayiş keşikçisi tərəfindən güllələnib. Şübhəli şəxsə polisə müqavimət və hücum maddələri ilə ittihamlar irəli sürülüb.

ABŞ Məxfi Xidməti məsələyə şərh verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]