Dünyada yeni avtomobillərə maraq azalıb: Səbəb nədir?
30-09-2026, 16:18

"Müxtəlif ölkələrdə əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və resursların bahalaşması şəxsi avtomobilin gündəlik həyatın vacib atributu kimi qəbul edilməsinin azalmasına, daha çox isə bahalı alış kimi qiymətləndirilməsinə səbəb olur".
Bunu avtomobil eksperti və qəza əleyhinə sürücülük təlimatçısı Yeqor Vasilyev pravda.ru üçün hazırladığı məqalədə təhlil edib.
Onun sözlərinə görə, satışların əhəmiyyətli hissəsini təmin edən kütləvi avtomobil seqmentində vəziyyət xüsusilə həssasdır. Büdcə və orta qiymət kateqoriyasındakı modellərin alıcıları maliyyə məhdudiyyətləri və gündəlik xərclərin artması ilə üzləşirlər:
"Yanacağın və elektrik enerjisinin qiyməti artır – faktiki olaraq yaşayış xərcləri yüksəlir. Bu, bütün dünyaya aiddir: pul dəyərini itirir, maddi nemətlər isə bahalaşır. Təəssüf ki, vəziyyət məhz belə görünür".
Beynəlxalq vəziyyətin qeyri-sabitliyi fonunda bir çox avtomobil sahibi nəqliyyat vasitəsini dəyişdirməyi təxirə salır və mövcud avtomobillərindən daha uzun müddət istifadə edir. Elektrik mühərriklərinə keçidin ləngiməsi də əlavə təzyiq yaradır. Ekoloji nəqliyyata tələbat gözləntilərdən zəif olub və bu, istehsalçıların ciddi maliyyə itkiləri ilə üzləşməsinə səbəb olub.
Yaranmış artıq istehsal gücləri şirkətləri diler şəbəkəsinin dayanıqlığını qorumaq üçün elektrik avtomobillərində endirimlər etməyə məcbur edir. Bununla yanaşı, bəzi avtomobil istehsalçıları kütləvi elektrikləşdirmə strategiyasına yenidən baxır və ənənəvi daxiliyanma mühərrikləri ilə təchiz olunan modelləri istehsalda saxlayırlar.
Ekspert bazarın ən çevik iştirakçısı kimi Çin avtomobil sənayesini göstərir. Onun sözlərinə görə, Çində böhrana daha sürətli reaksiya verilib və elektrik qurğuları ilə daxiliyanma mühərriklərini birləşdirən hibrid platformaların inkişafı sürətləndirilib. ABŞ və Avropa konsernləri model sıralarını daha yavaş yenilədiyi halda, Çin markaları daha sadə və əlçatan variantlar təklif edir. Sənayedəki ümumi böhran şirkətləri rəhbərliklərini dəyişməyə və uzunmüddətli planlarına düzəlişlər etməyə vadar edir.
Vasilyev hesab edir ki, hazırkı geriləmə bazarın təbii tsiklik xarakterini əks etdirir və bundan sonra təxirə salınmış tələbin üzə çıxması mümkündür.

