Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

30-09-2026, 17:44           
Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı
Yaponiyada ilk dəfə olaraq standart klinik təcrübə çərçivəsində "iPS" kök hüceyrələrindən yetişdirilmiş "ürək plastırı" pasiyentə transplantasiya edilib.

Bu barədə ölkənin "Asahi Shimbun" qəzeti məlumat yayıb.

Osaka xəstəxanasında baş tutan cərrahi müdaxilə 50 dəqiqə davam edib. Əməliyyat olunan şəxs miokard infarktı nəticəsində ağır ürək çatışmazlığından əziyyət çəkən, Kanaqava prefekturasından olan təxminən 50 yaşlı qadındır.

Bu cür "ürək yamaları"nın tətbiqi əvvəllər də həyata keçirilib, lakin proses yalnız klinik sınaqlar səviyyəsində olub. Belə ki, 2020-ci ilin yanvar ayında Osaka Universitetində "iPS" hüceyrələri əsasında əldə edilmiş ürək əzələsi hüceyrələrindən ibarət təbəqə xəstəyə köçürülmüşdü.

Nəşrin məlumatına görə, bu tibbi vasitə "RiHEART" adlanır. Söhbət iPS hüceyrələrindən yaradılmış ürək əzələsi hüceyrələrindən ibarət nazik "plastır"dan gedir. Zədələnmiş ürək toxumasının bərpasına dəstək olmaq məqsədilə o, birbaşa orqanın üzərinə yerləşdirilir.

"RiHEART" işemik kardiomiopatiyanın ağır formasından əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Hüceyrələrdən ibarət "yamaq" bilavasitə ürəyin səthinə tətbiq edilir. Onun əsas vəzifəsi yeni qan damarlarının yaranmasına kömək etmək və ürək əzələsinin fəaliyyətini dəstəkləməkdir", - deyə materialda bildirilib.

İşemik kardiomiopatiya qan və oksigen axınının yetərsizliyi səbəbindən ürək əzələsinin zəifləməsidir. Bu hal əsasən infarktdan sonra və ya koronar arteriyaların zədələnməsi zamanı müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]