“TikTok” uşaqların istifadəsinə məhdudiyyət qoyacaq – 100 milyon dollar ödəyəcək
28-09-2026, 15:24

“TikTok” və onun ana şirkəti “ByteDance” ABŞ-ın Alabama ştatında açılan məhkəmə iddiası üzrə razılaşma çərçivəsində 100 milyon dollar ödəyəcək və uşaqların platformadan istifadəsinə yeni məhdudiyyətlər tətbiq edəcək.
Bu barədə BBC məlumat yayıb.
Razılaşmaya əsasən, uşaqların “TikTok”dan gündəlik istifadəsi iki saatla məhdudlaşdırılacaq. Həmçinin gecə saatlarında və məktəb vaxtı platformaya girişə məhdudiyyətlər qoyulacaq.
Şirkət valideynlərə övladlarının istifadəsinə nəzarət etmək üçün əlavə imkanlar təqdim etməli, azyaşlıların yaşını təsdiqləyən mexanizmlər tətbiq etməli və onların böyüklər tərəfindən tapılmasını məhdudlaşdırmalıdır. Yeniyetmələrlə böyüklər arasında şübhəli qarşılıqlı əlaqələr barədə valideynlərə bildiriş göndəriləcək. Uşaqlar üçün kosmetik filtrlər də qadağan ediləcək.
Yeni vaxt məhdudiyyətlərinin dərhal qüvvəyə minməsi nəzərdə tutulur. Yaşın yoxlanılması kimi digər dəyişikliklərin tətbiqi üçün isə şirkətə bir ilədək vaxt verilib.
Razılaşma Alabama ştatında məhkəmə prosesinin başlamasına az qalmış əldə olunub. “TikTok” uşaqları platformadan asılı vəziyyətə salmaq məqsədilə dizayn edilməkdə ittiham olunurdu.
Şirkət 100 milyon dolları 45 gün ərzində ödəməlidir. Razılaşmanın şərtləri yerinə yetirilmədiyi halda, ödənişin 300 milyon dollara qədər artırılması nəzərdə tutulur.
Qeyd edək ki, bu, “TikTok”un ABŞ-ın hər hansı ştatı ilə əldə etdiyi ilk belə razılaşmadır. Məhdudiyyətlər yalnız Alabama ştatında tətbiq ediləcək.

