Ölümdən əvvəl görülənlər üzə çıxdı: Böyüklər və uşaqlar nə görür?
28-09-2026, 12:34

Təcrübəli hospis həkimi Chris Kerr uzun illər ərzində ölümün son mərhələsində olan xəstələrdə müşahidə etdiyi qeyri-adi təcrübələrdən danışıb. O, bəzi xəstələrin həyatlarının son günləri və həftələrində vəfat etmiş yaxınlarını, hətta ev heyvanlarını gördüklərini söylədiklərini bildirib.
TEREF "Unilad" nəşrinə istinadla xəbər verir ki, təxminən 30 illik hospis təcrübəsi olan həkim Oprah Winfrey-in podkastında çıxışı zamanı bu müşahidələrini bölüşüb.
Böyüklər ölümə yaxın nə görürlər?
Kerrin sözlərinə görə, xəstələrin danışdığı bu görüntülər adi yuxulardan fərqlənir. Onlar gördüklərini çox aydın və detallı şəkildə təsvir edir, bəzən isə artıq həyatda olmayan yaxınları ilə ünsiyyət qurduqlarına əmin olduqlarını bildirirlər.
Həkim bu təcrübələrin mütləq mistik və ya fövqəltəbii xarakter daşıdığını iddia etmir. O, sadəcə uzun illər ərzində xəstələrdən eşitdiyi və müşahidə etdiyi hadisələri qeyd edir.
Uşaqların gördükləri isə fərqlidir
Kerrin müşahidələrinə görə, ölümə yaxın uşaqların yaşadığı təcrübələr böyüklərinkindən fərqli ola bilər. Onlar vəfat etmiş qohumlar əvəzinə sevimli ev heyvanlarını və ya özlərini təhlükəsiz hiss etdikləri məkanları görə bilərlər.
Həkim belə xəstələrdən birinin özünün tikdirdiyi qəsri təsəvvür etdiyini və həmin yeri “təhlükəsiz yer” adlandırdığını xatırlayıb.
Kerr hesab edir ki, uşaqlar yaşadıqları təcrübələri böyüklərdən fərqli şəkildə ifadə edirlər. Bununla belə, onun uzunmüddətli müşahidələri göstərir ki, bəzi uşaqlar həyatlarının son mərhələsində baş verən dəyişiklikləri kifayət qədər aydın şəkildə ifadə edə bilirlər.

