GERÇƏYİN GÖZÜNÜN İÇİNƏ BAXMALIYIQ

8-02-2024, 11:04           
GERÇƏYİN GÖZÜNÜN İÇİNƏ BAXMALIYIQ ·
Ölkədə çox ciddi proseslər gedir. Vicdanı qana susamış alim-məmurların həbsinə start verilib. Proses sərt və ardıcıl davam etsə, inanın ölkədə mütərəqqi bir ictimai-iqtisadi formasiya yaranacaq ki, bu da alim-məmurların yaratdıqları ağa-qul münasibətlərinə son qoyacaq.
Mediada, internet tv-lərdə, müxtəlif sosial şəbəkələrdə və bəzi dairələrdə prosesə ciddi müqavimətlərin olduğunu görürürk ki, bu da təbiidir. Hətta ələ öyrəşdirilmiş, təhqirə, alçaldılmağa alışdırılmış öz ağasına sadiq zümrələr dəyişiklikləri başa düşmürlər. Dünyagörüşləri ağa-qul münasibətləri ilə çərçivələnib. Onlar öz ağaları tərəfindən elə tərbiyələndiriliblər ki, ağalarının maraqları həmişə dövlət maraqlarının üstündə olub. Sanki harın və qudurğan ağaları olmasa, onlar çörəksiz qalacaqlar.
Təkcə Qorxmaz xanın köməkçisinin jurnalistə qarşı aqressiyasını xatırlayın! Ağaya sədaqət, rəiyyətə nifrət psixologiyasını aydın sezəcəksiniz. Başqa sferalarda da bunu asanlıqla görmək olar. Bəli, məhz bu münasibətlərdən qurtulmaq üçün hər kəs fəal olmalıdır.
Belə görünür ki, nəhəng alim-məmur-oliqarx şəbəkəsinin quldarlıq fəaliyyətini şərtləndirən zəruri resursları var: dəstələri, media xidmətçiləri, nökərləri, qoluzorluları, şayiə kampaniyaları, cəza dəstələri, təhdid qrupları, mirzələri, üzə duranları, xarici təmsilçiləri və s.
Dövlətin iliyinə nüfuz edib büdcəni sovurmuş ağalarının hesabına qudurmuş sadiq nökərlər isə sadə xalqı şərləməyə, döyməyə, üzünə tüpürməyə, alçaltmağa, hətta qətlə yetirməyə hazırdırlar. Milyonlara və intəhasız mülklərə sahib həmin ağalar dövlət içində bir dövlətcikdirlər.
Köləliyə boyun əymiş zümrə arasında, çətin də olsa, ciddi maarifləndirmə işləri aparılmalıdır. Başa salınmalıdır ki, çörəyi sənə Əli, Vəli, Pirvəli, İsa Musa, Qorxmaz, Kamal, Müslüm deyil, dövlət verir. Ümumiyyətlə, ruzi Allahındır.
Bu alim-məmur-oliqarxları xarakterizə edən ən zərərli cəhət dövlətçilik şüurunu yoxa çıxarıb ağa-nökər münasibətlərini bərqərar etmələridir.
İkinci bir tərəfdən, ölkənin başçısının başlatdığı islahat prosesləri hakimiyyətə gəlmək istəyən qüvvələri bərk narahat və məyus edib. Prosesin uğurla başa çatacağı təqdirdə canını quduzlaşmış oliqarxiyadan qurtaracaq xalq hazırkı dövlət başçısını daha çox dəstəkləyəcək və pusquda duranların hakimiyyət planları fiaskoya uğrayacaq. Ona görə də, birbaşa Prezidentin şəxsinə yönəlik propaqandalarla çox qarşılaşacağıq. Bütün hallarda ayıq olmalı, hər şeyin dövlətimizin və xalqımızın xeyrinə bitməsi üçün əlimizdən gələni etməliyik.
Ölümə sürükləyən neqativlər cəmiyyətin bütün sferalarına nüfuz edib. Ali təhsil ocaqlarında, akademiyada, akademiyanın institutlarında da ağa-qul münasibətləri sivil dövlət-vətəndaş münasibətləri ilə əvəzlənməlidir. Cəza ən labüd şərt və zəruri dərmandır. Heç bir ağa-məmur, yaxud akademik-məmur öz xoşuna islah olunmayacaq, çünki onun azad və demokratik dövlətçilik şüuru heç vaxt olmayıb və yoxdur.
Yanlış təfəkkür tərzindən imtina etməli, gerçəyin gözünün içinə dik baxmağı bacarmalıyıq!
Idris Abbasov. professor
TEREF: Xocanin Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]