GƏDƏBƏYLİLƏRİN BAŞÇI TƏRƏFDƏN BƏXTİ GƏTİRMİR
27-04-2020, 16:43

Müstəqillikdən sonra nədənsə cənnət Gədəbəyin alnı tərli, əli qabarlı camaatının bəxti icra başçısı tərəfdən gətirmir. Hələ əvvəllər bir icra başçıları vardı, o qədər savadlı idi ki, Şəmkirin Gədəbəyin ərazisində anklav bir kəndinə gedib kolxoz sədri seçmişdi. Anekdotdu başdan-ayağa. İbrahim Mustafayevdən də əvvəlki başçı bir iş adamından xoşu gəlmədiyinə görə (niyə xoşu gəlmirdi, məsələ məlum olduğu üçün üstü basdırılsın) üçmərtəbəli , kupçalı mülkünü sökdürmüşdü, şəhəri də elə hasarlamışdı ki, bəzi adamlar evlərinə hasarın üstündən aşıb gedirdi.
İndiki icra başçısı İbrahim Mustafayevdən də gileylidirlər ki, öz qohumlarını, dostlarını ən vacib vəzifələrdə oturdub, onlar da rayon sakinlərinə əziyyət verirlər.
Əziz gədəbəylilər, vəzifə elə ondan ötəridir ki, qohum-əqrəbanı başına yığasan da. İndi İbrahim müəllim gedib şəmkirliləri gətirib vəzifəyə qoymayacaq ki?
Amma adamın Allahı var, başçı ötən il Gədəbəyi dünyaya tanıda biləcək çox möhtəşəm bir yaylaq festivalı keçirtdi.
ədalet.az

